“Lelo” partiyası oktyabrın 3-də keçiriləcək aralıq seçkilərində iştirak edəcək majoritar namizədlərini açıqlayıb

13:59, 02.09.2026

“Güclü Gürcüstan – Lelo”nun liderləri oktyabrın 3-də keçiriləcək aralıq seçkilərində majoritar namizəd kimi iştirak edəcək şəxslərlə işgüzar görüş keçiriblər.

Partiyadan bildirilib ki, majoritar namizədlər seçki proqramlarını təqdim edib və yerli əhalini illərdir narahat edən problemlərdən danışıblar. Bunlar arasında həllini tapmayan infrastruktur məsələləri və ağır sosial-iqtisadi vəziyyət də var.

“Güclü Gürcüstan – Lelo”nun liderlərinin sözlərinə görə, onlar üçün ilk növbədə hər bir vətəndaş və onun maraqlarının qorunması önəmlidir.

Tsalkanın seçki dairəsində – İmera, Bareti, Sabeçisi və Livadi kəndlərini əhatə edən ərazidə “Güclü Gürcüstan – Lelo”nun namizədi Zaza Şantadze olacaq.

Vani bələdiyyəsinin Pereta kəndində koalisiyanı Beka Kopaladze təmsil edəcək.

Dmanisi bələdiyyəsinin Sarkineti kəndində isə “Güclü Gürcüstan – Lelo”nun namizədi Vaja Noniashvili olacaq.

“Biz heç bir vətəndaşı tək qoymayacaq, heç bir insanın marağından imtina etməyəcəyik. Vətəndaşın olduğu yerdə onun siyasi nümayəndəsi də olmalıdır. Bizim əsas vəzifəmiz insanların maraqlarını qorumaqdır.

Avtoritar rejim heç nəyi mübarizəsiz güzəştə getmir. Bu mübarizə bütün siyasi platformalarda davam etdirilməlidir. Buna görə də “Güclü Gürcüstan – Lelo” mübarizənin heç bir meydanını tərk etmir.

Biz eyni vaxtda beynəlxalq istiqamətdə, ictimai etirazlarda, institusional müstəvidə, yerli özünüidarəetmə orqanlarında və əlbəttə ki, seçkilərdə mübarizəni davam etdiririk”, – deyə koalisiyadan bildirilib.

Oxşar