Gürcüstan Müdafiə Nazirliyinin “Ordu Düşərgəsi” layihəsi yeddinci rotasiyanı qəbul edir. Polkovnik Besik Kutateladzenin adını daşıyan Saçxere Dağ Hazırlığı Məktəbində və Kojoridə yerləşən Giorgi Antsuxelidzenin adını daşıyan çavuşlar akademiyasında Gürcüstanın müxtəlif bölgələrindən olan məktəblilər iştirak edirlər.
Müdafiə Nazirliyinin məlumatına görə, məktəblilərin gündəliyi onların maraqlarına uyğun fəaliyyətlərlə zəngindir.
“Polkovnik Besik Kutateladzenin adını daşıyan Saçxere Dağ Hazırlığı Məktəbində tibbi və mühəndislik təlimləri ilə yanaşı, məktəblilər təlimatçılardan dronların funksionallığı və təyinatı haqqında ətraflı məlumat alırlar. Nəzəri təlimdən sonra onlara praktiki təcrübə qazanmaq imkanı da verilir. Layihədə Gürcüstanın Patriarxlığı da fəal iştirak edir. Hərbi fənlərlə yanaşı, düşərgəyə Patriarxlıq yanında fəaliyyət göstərən teatr qrupu da gəlir və uşaqlara maarifləndirici və tədris xarakterli tamaşalar təqdim edir. Yeniyetmələr üçün hazırlanan bu tamaşalar mənəvi dəyərlərin möhkəmləndirilməsinə xidmət edir. Gürcüstan Müdafiə Nazirliyi Təhsil, Elm və Gənclər Nazirliyi ilə birgə “Ordu Düşərgəsi” layihəsini artıq üçüncü ildir ki, həyata keçirir. Layihənin məqsədi gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, sağlam həyat tərzini təbliğ etmək və Gürcüstan ordusu haqqında məlumatlılığı artırmaqdır,” – deyə yayılan məlumatda qeyd olunur.