Latviyada verilmiş vizası və ya yaşayış icazəsi olmayan üçüncü ölkə vətəndaşları ölkəyə daxil olmamışdan əvvəl təhlükənin qarşısının alınması sisteminə məlumat təqdim etmək öhdəliyi daşıyacaqlar
Latviyada verilmiş vizası və ya yaşayış icazəsi olmayan üçüncü ölkə vətəndaşları ölkəyə daxil olmamışdan əvvəl təhlükənin qarşısının alınması sisteminə məlumat təqdim etmək öhdəliyi daşıyacaqlar. Bu barədə məlumatı Latviyanın Gürcüstandakı səfirliyi sosial şəbəkədə yayır.
Səfirliyin yazdığı kimi, məlumatların təqdim edilməsi qaydası 2025-ci ilin sentyabrın 1-dən qüvvəyə minəcək.
“Dövlət təhlükəsizliyinin gücləndirilməsi və dövlət sərhədinin mühafizəsinin səmərəliliyinin yaxşılaşdırılması məqsədilə 2025-ci ilin sentyabrın 1-dən Latviyada verilmiş vizası və ya yaşayış icazəsi olmayan üçüncü ölkə vətəndaşları Latviyaya daxil olmamışdan əvvəl təhlükənin qarşısının alınması üzrə dövlət informasiya sisteminə (eta.gov.lv) özləri, qohumları (əgər varsa) və səfərlərinin məqsədi haqqında məlumat təqdim etmək öhdəliyi daşıyacaqlar.
Seym immiqrasiya haqqında qanuna müvafiq düzəlişləri 2025-ci ilin aprelin 3-də qəbul edib.
Məlumat vermək öhdəliyi daşıyacaq şəxslərin dairəsi “İmmiqrasiya haqqında” Qanunun 4.4-cü maddəsinin birinci bəndində dəqiq müəyyən edilib– Avropa İttifaqının, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Avropa İqtisadi İttifaqının üzvü olan dövlətin, İsveçrə Konfederasiyasının və ya Braziliya Federal Respublikasının vətəndaşları olmayan əcnəbilər və Latviya Respublikası tərəfindən verilmiş vizası və ya yaşayış icazəsi olmayan əcnəbilər məlumat vermək məcburiyyətində qalacaqlar. Bu öhdəlik həmçinin yalnız Latviyadan tranzit keçən şəxslərə şamil edilir.
Latviyaya gəlməzdən ən azı 48 saat əvvəl eta.gov.lv saytına məlumat onlayn rejimdə təqdim edilməlidir. Məlumatları veb sayta təqdim etdikdən sonra şəxs göstərilən elektron ünvana məlumatların qəbul olunmasına dair avtomatik təsdiq alacaq. Latviyaya daxil olmaq üçün ayrıca icazə gözləməyə ehtiyac yoxdur” – Latviya səfirliyi yazır.