Latviyada bələdiyyə seçkilərində səs sayan cihazlarda problem yarandı, buna görə bülletenlər əllə sayıldı
Latviyada bələdiyyə seçkilərində səslərin sayılması zamanı səs sayan cihazlarda nasazlıq yaranıb və bülletenlərin əllə sayılmasına ehtiyac olub. Bu barədə məlumatı Latviyanın ictimai yayım şirkəti yayıb.
Mediaya görə, avtomatik səs sayma cihazları bu seçkilərdə ilk dəfə tətbiq olunurdu.
Latviya Mərkəzi Seçki Komissiyasının rəhbəri Kristine Saulite bildirib ki, Rəqəmsal İnkişaf üzrə Dövlət Agentliyi tərəfindən təqdim olunan cihazlar “planlaşdırıldığı səviyyədə işləmədi və buna görə səslərin əllə sayılması qərarı qəbul olundu”.
Komissiya rəhbərinin sözlərinə görə, hadisə ilə bağlı hərtərəfli araşdırma aparılmalıdır ki, bütün hallar və problemin səbəbi müəyyənləşdirilsin. O, həmçinin əlavə edib ki, əgər məlum olsa ki, Mərkəzi Seçki Komissiyası səlahiyyəti çərçivəsində hər şeyi etməyib, istefaya getməyə hazırdır.
Saulite seçicilərdən, seçki məntəqələrində çalışanlardan və komissiya əməkdaşlarından texniki çətinliklərə görə üzr istəyib.
“Bütün cəmiyyətin haqqı var bilsin nə baş verdiyini. Mən seçki komissiyalarından və məntəqələrdən üzr istəyirəm. Heç kim bu texniki nasazlığın baş verməsini istəmirdi,” – deyə o qeyd edib.
Bundan əlavə, Latviya polisi açıqlayıb ki, seçki hüququnun həyata keçirilməsinə qəsdən maneə törətmək ittihamı ilə altı cinayət işi açılıb.
Latviyada bələdiyyə seçkiləri 7 iyun tarixində keçirilib. Son məlumatlara görə, seçici fəallığı 47% təşkil edib ki, bu da 2021-ci il seçkiləri ilə müqayisədə 13% çoxdur. İlkin nəticələrə əsasən, paytaxt Riqada sağçı “Latviya birinci yerdə” partiyası və sol-mərkəzçi “Proqressivlər” öndədir.