Latviyada Belarusla sərhədin altında miqrantların qanunsuz keçirilməsi üçün istifadə edilən tuneli aşkar etdiklərini bəyan edirlər
Latviya Dövlət Sərhəd Mühafizə Xidmətinin zabitləri polis əməkdaşları ilə birlikdə Belarusla sərhədin altında tunel aşkarlayıblar və miqrantlara sərhədi qanunsuz keçməkdə kömək edən şəbəkələrə qarşı mübarizə planlarını elan ediblər.
Latviyanın Baş naziri Andris Kulberqs mətbuat konfransında bildirib ki, Belarusdan Latviyaya miqrantların daşınmasına cinayətkar şəbəkələr şərait yaradırlar və nəticədə onlar Şengen zonasına daxil olurlar. Lakin o, miqrantların son təyinat yerinin Avropanın başqa bölgələri olduğunu bildirib.
“Bu fəaliyyəti təşkil edənlərə bu mesajı çatdırmaq istəyirik ki, bu gün hər şeyə son qoyacağıq. Bu gün bu mütəşəkkil fəaliyyəti dayandırmaq məqsədi daşıyan əməliyyat başladı. Biz həm hərbi, həm də digər imkanlar daxil olmaqla bütün resursları cəlb edəcəyik. Bu, sərhəd mühafizəsi, polis və digər qurumlarla sıx əməkdaşlığı nəzərdə tutan hərbi əməliyyat olacaq” – Kulberqs bildirib.
Öz növbəsində, daxili işlər naziri Yans Dombravasın qeyd etdiyi kimi, Latviyanın şərq sərhədinin mühafizəsi gücləndiriləcək.
“Bu məqsədlə Sərhəd Mühafizəsi, Dövlət Polisi, Milli Silahlı Qüvvələr və Təhlükəsizlik Xidmətləri daha sıx əməkdaşlıq edəcək. Həmçinin, qanunsuz miqrantların erkən aşkarlanması və saxlanılması üçün dronlardan daha intensiv istifadə edəcəyik” – Latviyanın daxili işlər naziri bildirib.
Latviya hökuməti miqrant axınının qarşısını almaq üçün qonşu Estoniya, Litva, Polşa və digər ölkələrlə əməkdaşlığı davam etdirəcəyini bəyan edir.