Laşa Xutsişvili Türkmənistan Nazirlər Kabineti sədrinin müavini ilə görüşüb
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Gürcüstana dövlət səfəri çərçivəsində Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, vitse-premyer Hocamırat Geldimiradovla görüşüb.
Gürcüstan Maliyyə Nazirliyinin məlumatına görə, görüşdə iki ölkə arasında ticarət-iqtisadi sahədə əməkdaşlıq məsələləri və regional əhəmiyyət daşıyan layihələr müzakirə olunub.
Məlumata əsasən, tranzit-logistika istiqamətində tərəfdaşlığın dərinləşdirilməsinin vacibliyinə xüsusi diqqət yetirilib. Söhbət “Orta Dəhliz”in inkişaf perspektivlərindən və bağlantı imkanlarının daha da gücləndirilməsinin zəruriliyindən gedib.
Maliyyə naziri qonağa Gürcüstanda mövcud makroiqtisadi göstəricilər və orta müddətli proqnozlar barədə məlumat verib.
“Öz növbəsində, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini ölkənin əsas iqtisadi göstəriciləri barədə danışıb. Görüşün sonunda tərəflər ümid etdiklərini bildiriblər ki, Türkmənistan Prezidentinin Gürcüstana səfəri iki ölkə arasında ticarət və investisiyaların təşviqinə töhfə verəcək”, – deyə Gürcüstan Maliyyə Nazirliyinin məlumatında qeyd olunub.