Laşa Xutsişvili “Natixis” investisiya bankının nümayəndələri ilə görüşüb
Maliyyə naziri Laşa Xutsişvili Gürcüstanda işgüzar səfərdə olan “Natixis” investisiya bankının inkişaf etməkdə olan bazarlar üzrə qlobal istiqamətinin rəhbəri Vinsent Kari və Mərkəzi və Şərqi Avropa bazarları üzrə qlobal istiqamətinin rəhbəri Mihai Mosnianu ilə görüş keçirib.
Görüşdə beynəlxalq və inkişaf etməkdə olan maliyyə bazarlarında yaranmış vəziyyət və Gürcüstanda mövcud investisiya mühiti nəzərdən keçirilib. Nazir qonaqları Gürcüstanın ümumi makroiqtisadi və fiskal parametrləri, eləcə də yerli qiymətli kağızlar bazarının gələcək inkişafı məsələləri ilə tanış edib.
Gürcüstanın son illərdə yerli və beynəlxalq kapital bazarlarında maliyyələşmə mənbələrinin və investor bazasının genişləndirilməsi məqsədilə həyata keçirdiyi tədbirlərə toxunulub.
Görüşdə Maliyyə Nazirliyi tərəfindən maliyyə nazirinin müavini Ekaterine Quntsadze və dövlət borcunun idarəedilməsi departamentinin rəhbəri İrakli Kaçarava iştirak ediblər.
“Natixis” Fransanın aparıcı maliyyə institutudur və dünyanın 30-a yaxın ölkəsində investisiya bankçılığı və kapital bazarları xidmətləri istiqamətində fəaliyyət göstərir.
Məlumatı Gürcüstanın Maliyyə Nazirliyinin mətbuat xidməti yayır.