Laşa Xutsişvili “London Fond Birjası Qrupu”nun Avropa bölməsinin ilkin bazarlar üzrə rəhbəri və Böyük Britaniyanın səfiri ilə görüşüb
Maliyyə naziri Laşa Xutsişvili “London Fond Birjası Qrupu”nun (London Stock Exchange Group) Avropa bölməsinin ilkin bazarlar üzrə rəhbəri Aiuna Neçayeva və Böyük Britaniyanın Gürcüstandakı səfiri Qaret Uord ilə görüşüb.
“London Fond Birjası Qrupu” tərəfindən qrupun fəaliyyəti və işi barədə məlumat təqdim olunub. Görüşdə Gürcüstanın suveren və özəl sektoru ilə mövcud olan sıx əməkdaşlıq və gələcək planlar vurğulanıb.
Beynəlxalq kapital bazarlarındakı mövcud tendensiyalar, investorların Gürcüstan və region bazarlarına artan marağı müzakirə edilib. Gürcüstanın cari ilin yanvar ayında avrobondları uğurla yenidən maliyyələşdirdiyi qeyd olunub.
Gürcü tərəfi qonaqlara Maliyyə Nazirliyi tərəfindən cari ilin may ayında debüt sindikatlaşdırma üsulu ilə buraxılmış xəzinə istiqrazları barədə məlumat verib.
Maliyyələşmə mənbələrinin şaxələndirilməsi və investor bazasının genişləndirilməsi məqsədilə ölkə hökumətinin yerli və beynəlxalq kapital bazarlarında həyata keçirdiyi tədbirlərə diqqət yetirilib.
Görüşdə, həmçinin cari beynəlxalq geosiyasi çağırışlar fonunda ölkənin makroiqtisadi və fiskal siyasətinin tendensiyaları və nailiyyətləri müzakirə olunub.
Görüşdə Gürcüstan tərəfindən maliyyə nazirinin müavini Ekaterine Quntsadze iştirak edib.