Laşa Xutsişvili Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB/EBRD) Qafqaz üzrə regional direktoru Alkis Vrienios Drakinos ilə görüşüb

17:38, 09.07.2026

Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili səlahiyyət müddəti başa çatan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB/EBRD) Qafqaz üzrə regional direktoru Alkis Vrienios Drakinos ilə görüşüb. Görüşdə, həmçinin 2026-cı il sentyabrın 1-dən bu vəzifəni icra edəcək Tomas Kayris də iştirak edib. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, tərəflər AYİB-in dəstəyi ilə Gürcüstanda həyata keçirilən layihələri və əməkdaşlıq məsələlərini müzakirə ediblər.

“Laşa Xutsişvili AYİB nümayəndələrinə ölkənin mövcud makroiqtisadi göstəriciləri və orta müddətli iqtisadi proqnozlar barədə məlumat verib.

Görüşdə regional əhəmiyyət daşıyan nəqliyyat əlaqələri və enerji layihələrinə xüsusi diqqət yetirilib. Müzakirələr Orta Dəhliz çərçivəsində həyata keçirilən və planlaşdırılan avtomobil yolları, dəmir yolu, liman layihələri, eləcə də Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli və bu layihəyə investisiyanın əhəmiyyəti ətrafında aparılıb.

Maliyyə naziri Alkis Vrienios Drakinosa Gürcüstandakı fəaliyyətinə görə təşəkkür edib və AYİB-in yeni regional direktoru ilə də fəal əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə maliyyə nazirinin müavini Ekaterine Quntsadze də iştirak edib”, – deyə Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Oxşar