Laşa Xutsişvili - 2026-cı ildə Səhiyyə Nazirliyinin maliyyələşməsi təxminən 48 milyon lari ilə artırılacaq və ümumilikdə 9 milyard 668 milyon larini keçəcək
Laşa Xutsişvili - 2026-cı ildə Səhiyyə Nazirliyinin maliyyələşməsi təxminən 48 milyon lari ilə artırılacaq və ümumilikdə 9 milyard 668 milyon larini keçəcək

 

2026-cı ilin büdcə layihəsinin yekun versiyasında Gürcüstanın İşğal olunmuş ərazilərindən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin vəsaitləri təxminən 48 milyon lari ilə artırılıb və ümumilikdə, 9 milyard 668 milyon larini keçəcək.

Gələn il 70 yaşadək şəxslərin pensiyası 370 lari, 70 yaş və daha yuxarı şəxslərin pensiyası isə 495 lari səviyyəsində müəyyən ediləcək. Dağlıq ərazilərdə pensiya müvafiq kateqoriyalar üçün 444 lari və 594 lari olacaq.

Maliyyə nazirinin dediyi kimi, ümumilikdə, əhalinin sosial müdafiə proqramlarına 6 milyard 930 milyon laridən çox vəsait nəzərdə tutulub.

Sosial reabilitasiya və uşaqlara qayğı proqramının maliyyələşməsi əlavə olaraq 12 milyon laridən çox artırılır və proqramın büdcəsi 124 milyon larini keçir. 2025-ci illə müqayisədə proqramın maliyyələşməsi ümumilikdə 29 milyon 500 min lari artırılıb.

Əhalinin sağlamlığının qorunması proqramları əlavə olaraq 183 milyon laridən çox artırılır və 2 milyard 220 milyon lariyə qədər müəyyən edilib. Qeyd olunan proqramın maliyyələşməsi 2025-ci ilin büdcəsi ilə müqayisədə ümumilikdə 360 milyon laridən çox artırılıb.

Layihənin əvvəlki versiyası ilə müqayisədə proqram çərçivəsində əlavə olaraq artırılıb: universal səhiyyənin maliyyələşməsi – 150 milyon lari ilə və bir milyard 500 milyon lari təşkil edir; narkomaniyadan əziyyət çəkən pasiyentlərin müalicəsinin maliyyələşməsi – on milyon lari ilə və 28 milyon lari təşkil edir; nadir xəstəlikləri olan insanların müalicəsi proqramı – beş milyon lari ilə və 70 milyon lari təşkil edir; digər səhiyyə proqramları ümumilikdə 18 milyon 700 min lari ilə artırılır.

Bununla yanaşı, ilkin səhiyyə işçilərinin əmək haqlarının artırılması nəzərdə tutulub.