Laşa Abaşidze – Tbilisi-Batumi və Batumi-Tbilisi dəmir yolu xətlərində səfər müddəti dörd saata qədər azaldılıb

13:29, 06.08.2026

Tbilisi-Batumi və Batumi-Tbilisi dəmir yolu xətlərində səfər müddəti dörd saata qədər azaldılıb. Bu barədə Gürcüstan Dəmir Yollarının baş direktoru Laşa Abaşidze bildirib.
Onun sözlərinə görə, əvvəl səfər müddəti 5 saat 30 dəqiqə təşkil edirdi.
“Səfər müddəti artıq dörd saatdır. Bu, kifayət qədər mühüm irəliləyişdir. Son dövrdə relslər və infrastruktur üzrə mühüm kapital işləri həyata keçirmişik. Bu işlər müəyyən hissələrdə hərəkət sürətini artırmağa imkan verib. Reabilitasiya aparılan ərazilərdə sürəti yüksəltmək, məhdudiyyətləri aradan qaldırmaq və Tbilisidən Batumiyə təhlükəsiz şəkildə dörd saata çatmaq mümkün olub”, – deyə Laşa Abaşidze qeyd edib.
Onun sözlərinə görə, Gürcüstan Dəmir Yolları artıq bir neçə stansiyanın yenidən qurulmasını başa çatdırıb. Şirkətin məqsədi yalnız magistral xətlərdə yerləşən deyil, həm də şəhərətrafı stansiyaları tam qaydaya salmaqdır.
“Hazırda faktiki olaraq 5-7 stansiyanın yenidən qurulması davam edir və bu il daha 5 stansiyanın əlavə edilməsini planlaşdırırıq. Gələn il də stansiyaların yenilənməsini tam başa çatdırmaq istəyirik”, – deyə Abaşidze bildirib.

Oxşar