Larinin dövriyyəyə buraxılmasının 30 illik yubiley tədbirləri çərçivəsində Tbilisi genişmiqyaslı beynəlxalq konfransa ev sahibliyi edəcək
2025-ci ildə larinin dövriyyəyə buraxılmasının 30 illik yubileyi qeyd olunacaq. Bu tarixlə əlaqədar Gürcüstan Milli Bankının təşkilatçılığı ilə Tbilisidə genişmiqyaslı beynəlxalq konfrans keçiriləcək.
Gürcüstan Milli Bankının məlumatına əsasən, “Etimaddan sıx əməkdaşlığa qədər” adlı konfransda dünyanın 30-a yaxın ölkəsindən 300-dən çox qonaq iştirak edəcək. Onların arasında Belçika, İslandiya, Rumıniya, Bolqarıstan, Macarıstan, Monteneqro, Azərbaycan, Türkiyə, Ermənistan, İsrail, Hindistan, Səudiyyə Ərəbistanı və digər ölkələrin mərkəzi banklarının rəhbər şəxsləri, Gürcüstan hökumətinin və parlamentinin üzvləri var.
Onların verdiyi məlumata əsasən, həmçinin Beynəlxalq Maliyyə İnstitutlarının – Qara Dəniz Ticarət və İnkişaf Bankının, Asiya İnkişaf Bankının, Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun, eləcə də iri beynəlxalq şirkətlərin – “Gojo & Company”, “Ant International”, “The Global Finance & Technology Network”ün, həmçinin Gürcüstanın maliyyə sektorunun və biznes assosiasiyalarının nümayəndələri dəvət olunan qonaqlar arasında yer alır.
“Sorbonna Universiteti və Kolumbiya Universitetinin professorları, Breton Vuds Yeni Komitəsinin və digər tanınmış təşkilatların nümayəndələri, eləcə də maliyyə sektorunun yüksək vəzifəli ekspertləri konfransa toplaşan qonaqlar qarşısında çıxış edəcəklər. Konfransın açılışını Gürcüstan Milli Bankının prezidenti Natia Turnava edəcək. Kolumbiya Universitetinin professoru Cefri Saks iştirakçılar qarşısında çıxış edəcək.
Panel müzakirələri çərçivəsində iştirakçılar qlobal maliyyə sistemi və pul siyasəti, maliyyə sektorunun inkişafı üçün regional əməkdaşlıq təşəbbüsləri, yeni çağırışlar və mərkəzi bankların regional əməkdaşlığın inkişafında rolu kimi mövzuları müzakirə edəcəklər.
Qeyd edilməlidir ki, larinin yubiley ili ərzində Milli Bank müxtəlif tədbirlər keçirəcək. “Lari 30″un qızıl, gümüş və mis-nikel kolleksiya sikkələrinin təqdimatı və satışının, kolleksiya təyinatlı əskinas və markasının buraxılışı planlaşdırılır. Bundan başqa, Gürcüstan Milli Bankının yenilənmiş elmi-analitik jurnalı, gürcü pul və larinin kataloqları nəşr olunacaq. Həmçinin, bütün il ərzində ölkə miqyasında müxtəlif maarifləndirici və elmi tədbirlər keçiriləcək. Lari ölkənin milli valyutası kimi 1995-ci ilin sentyabrın 25-dən dövriyyəyə buraxılıb və həmin ilin oktyabrın 2-dən ölkənin bütün ərazisində yeganə qanuni ödəniş vasitəsi elan edilib. “Lari” sözü qədim gürcü sözüdür və xəzinə, mülk mənasını verir, “tetri” isə XIII əsrdən bəri işlənən gürcü sikkə terminidir” – Gürcüstan Milli Bankının məlumatında qeyd olunub.