Kvemo Kartlidə külli miqdarda narkotik vasitə aşkarlanıb, beş nəfər saxlanılıb

10:54, 23.09.2026

Daxili İşlər Nazirliyinin Kvemo Kartli və Patrul Polisi departamentlərinin əməkdaşları narkotiklə bağlı cinayət işi üzrə beş nəfəri saxlayıblar.
DİN-in məlumatına görə, saxlanılan şəxslər xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması, satışı və satışına şərait yaradılmasında ittiham olunurlar. Onların hamısı xarici ölkə vətəndaşlarıdır.

“Hüquq-mühafizə əməkdaşları tərəfindən saxlanılan şəxslərin üzərində və müvəqqəti yaşadıqları mənzillərdə aparılan axtarışlar, həmçinin onların göstərdikləri ünvanlarda keçirilən tədbirlər nəticəsində sübut kimi satışa hazırlanmış, xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr, o cümlədən kokain, haşiş və tiryək götürülüb.

Polis, həmçinin narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan materialları və ehtimal ki, narkotiklərin satışından əldə edilmiş pul vəsaitini də maddi sübut kimi götürüb.

Hüquq-mühafizə əməkdaşları məhkəmənin qərarı əsasında saxlanılan şəxslərdən birindən narkotik vasitənin nəzarətli alışını həyata keçirib və həmin alış prosesini gizli audio-video qeydə alıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 260-cı, 260³-cü və 260⁴-cü maddələri ilə araşdırma aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – deyə məlumatda bildirilir.

Oxşar