Kvemo Kartli polisi müxtəlif vaxtlarda törədilmiş dələduzluq faktlarını açıb, iki nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları əhəmiyyətli zərər vuran, dəfələrlə törədilmiş dələduzluq ittihamı ilə müxtəlif vaxtlarda iki nəfəri saxlayıblar.
DİN-in məlumatına görə, istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər kənd sakinlərinə Almaniya Federativ Respublikasının iş vizalarını hazırlayacaqlarını vəd edərək əvvəlcədən hər birindən 1 500 avro alıblar. Lakin vədlərini yerinə yetirməyərək vətəndaşlara məxsus pulları dələduzluq yolu ilə mənimsəyiblər.
“İstintaqla həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxslərdən biri tanışının etimadından istifadə edib. Həmin şəxsin mənzil alqı-satqısı müqaviləsi olub və o, mənzilin pulunu sahibinə ödəmək üçün tanışından 8 000 lari alıb, lakin həmin vəsaiti qanunsuz olaraq mənimsəyib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törətmiş şəxslər təqsirləndirilən şəxs qismində saxlanılıb.
İstintaq Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsinin “b” və 3-cü hissəsinin “q” bəndləri ilə aparılır. Həmin maddələr 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – deyə DİN-in məlumatında bildirilir.