Kvemo Kartli polisi ailə üzvünü qəsdən öldürməkdə şübhəli bilinən şəxsi saxlayıb

11:54, 06.02.2026

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları ailə üzvünə qarşı törədilmiş qəsdən adamöldürmə faktı üzrə 1988-ci il təvəllüdlü F.A.-nı saxlayıblar.

DİN-in məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Qardabani bələdiyyəsində soyuq silahdan istifadə edərək 2000-ci il təvəllüdlü həyat yoldaşı M.G.-yə çoxsaylı bıçaq xəsarətləri yetirib. Zərərçəkən aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Məlumata görə, təqsirləndirilən şəxs polisə könüllü şəkildə müraciət edib və törətdiyi cinayəti etiraf edib.

Hüquq-mühafizə orqanları F.A.-nı təqsirləndirilən şəxs qismində saxlayıblar. Cinayətin törədilməsində istifadə olunan silah – bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 11 prima 109-cu maddəsinin “k” bəndi ilə aparılır ki, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Oxşar