Kutaisidə Üçüncü Piyada Briqadasının yaranma günü qeyd olunub

15:00, 06.08.2026

Gürcüstan Müdafiə Qüvvələrinin Qərb Komandanlığının Üçüncü Piyada Briqadasının yaradılmasından 34 il ötüb. Yubiley tədbiri Kutaisidə, briqadanın ərazisində keçirilib.
Müdafiə Nazirliyinin məlumatına görə, bölmənin rəhbərliyini və şəxsi heyətini yubiley münasibətilə Müdafiə Qüvvələrinin Qərb Komandanı, briqada generalı Koba Qriqolia təbrik edib, onlara təşəkkürünü bildirib və uğurlar arzulayıb.
Qurumun məlumatına əsasən, təntənəli mərasim çərçivəsində Üçüncü Piyada Briqadasında 8 aylıq müddətə hərbi xidmətə çağırılan əsgərlər hərbi and içiblər. Qərb Komandanlığının və briqadanın rəhbər şəxsləri onlara Gürcüstan Müdafiə Qüvvələrində layiqli xidmət arzulayıblar.
Briqadanın yaranma günü münasibətilə hərbi qulluqçular qiymətli hədiyyələr və fəxri fərmanlarla təltif olunublar. Həmçinin hərbi texnika və silah sərgisi təşkil edilib.
Tədbirdə Üçüncü Piyada Briqadasının hərbi qulluqçularının və çağırışçıların ailə üzvləri iştirak ediblər.
Üçüncü Piyada Briqadası 1992-ci il avqustun 6-da Axaltsixe şəhərində ilkin olaraq 22-ci motoatıcı briqada kimi yaradılıb və Gürcüstan Müdafiə Qüvvələrinin ən köhnə bölmələrindən biri hesab olunur.
Briqadanın şəxsi heyəti Gürcüstanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında və beynəlxalq sülhməramlı missiyalarda fəal iştirak edib.

Oxşar