Kutaisidə, Axaltsixe və Qurcaanidə yeni çoxfunksiyalı parkların layihələndirilməsi üçün müsabiqələr elan edilib
İnfrastruktur Nazirliyinin Bələdiyyə İnkişaf Fondu Kutaisi, Axaltsixe və Qurcaanidə yeni, müasir parkların layihələndirilməsi üçün müsabiqələr elan edib.
İnfrastruktur Nazirliyinin məlumatına əsasən, təşəbbüsün məqsədi şəhərlərdə ekoloji baxımdan dayanıqlı, çoxfunksiyalı və cəmiyyətin maraqlarına yönəlmiş istirahət məkanlarının yaradılmasıdır, bu isə sağlam həyat tərzinin populyarlaşmasına, turizm potensialının artırılmasına və yerli iqtisadiyyatın inkişafına xidmət edəcək.
Kutaisidə yeni park keçmiş parlament binasına bitişik təxminən 70 hektar ərazidə salınacaq. Həmçinin, Axaltsixe və Qurcaanidə yeni mərkəzi parkların salınması planlaşdırılır.
Hər üç şəhərin parkında uşaq oyun zonaları, idman meydançaları və məşq sahələri, piyada və velosiped yolları şəbəkəsi, mədəni və maarifləndirici məkanlar, o cümlədən açıq səhnə, pavilyonlar və tədbirlər üçün meydançaların salınması nəzərdə tutulmalıdır. Həmçinin, hər üç parkda informasiya mərkəzi, perqolalar, şahmat masaları, içməli su fəvvarələri yerləşdirilməlidir, dekorativ göllər və fəvvarələr salınmalıdır. Bununla yanaşı, parklarda rekreasiya zonalarının və istirahət məkanlarının salınması planlaşdırılır.
Bundan başqa, layihələrə əsasən, parkların ərazilərində avtodayanacaqlar, o cümlədən elektromobillər üçün şarj cihazları ilə təmin olunmuş məntəqələr yerləşdirilməlidir, küçə işıqlandırma sistemi, suvarma sistemi, təhlükəsizlik və videomüşahidə sistemləri quraşdırılmalıdır.
Yeni parkların məkanları bütün istifadəçilər üçün, o cümlədən xüsusi ehtiyacları olan insanlar üçün tam uyğunlaşdırılmalıdır.
Layihələr həmçinin bioloji müxtəlifliyin qorunmasını və parkların yerli bitki növləri ilə yaşıllaşdırılmasını nəzərdə tutmalıdır.