Kutaisi Beynəlxalq Universiteti Fields Riyazi Elmlər Tədqiqat İnstitutunun affilləşdirilmiş universiteti statusunu alıb
Kutaisi Beynəlxalq Universiteti (KIU) dünyanın qabaqcıl, Kanadada əsası qoyulmuş Fields Riyazi Elmlər Tədqiqat İnstitutu (Fields Institute for Research in Mathematical Sciences) ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Bu müqavilə əsasında KIU sözügedən tədqiqat mərkəzinin affilləşdirilmiş universiteti statusunu alıb.
Tərəfdaşlıq KIU-ya beynəlxalq elmi və təhsil məkanı ilə əməkdaşlığını daha da genişləndirmək, birgə tədqiqat təşəbbüslərində iştirak etmək, riyaziyyat və dəqiq elmlərin inkişafına öz töhfəsini vermək imkanı yaradır.
Kutaisi Beynəlxalq Universitetinin icraçı direktoru/rektoru Vaxtanq Tsaqareli Fields Riyazi Elmlər Tədqiqat İnstitutunun direktoru, professor Deyrdre Haskelə əməkdaşlığa görə təşəkkür edib və gələcək planlar barədə danışıb. Görüşdə KIU-nun kansleri Levan Kopaliani, Riyaziyyat Məktəbinin rəhbəri, professor Ramaz Bocorişvili və KIU-nun professoru, Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü, Qiorqi Nikoladze adına Elmi-Tədqiqat Mərkəzinin rəhbəri Aleksandre Mesxi iştirak ediblər.
Tərəflər arasında əldə olunmuş razılaşma aşağıdakıları nəzərdə tutur: gürcü tələbə və tədqiqatçıların beynəlxalq elmi ictimaiyyətə yaxınlaşdırılması; birgə tədqiqat layihələrinin həyata keçirilməsi; beynəlxalq konfrans, seminar və təhsil tədbirlərinin təşkili. Bununla yanaşı, tərəfdaşlıq universitetin xarici alimləri, tədqiqatçıları və tələbələri cəlb etmək imkanlarını artıracaq, bu da Gürcüstanda müasir elmi istiqamətlərin daha da güclənməsinə şərait yaradacaq.
Bununla yanaşı, müqaviləyə əsasən, Kutaisi Beynəlxalq Universitetinin adı və loqosu Fields İnstitutunun rəsmi veb-saytında, məlumat bülletenlərində və illik hesabatlarında yer alacaq, bu da KIU-nun tanınmasının artırılmasına və onun elmi-akademik imkanlarının populyarlaşdırılmasına xidmət edəcək. Affilləşdirilmiş universitet statusu KIU nəzdində yeni yaradılmış Qiorqi Nikoladze adına Elmi-Tədqiqat Mərkəzi üçün xüsusilə böyük əhəmiyyət kəsb edir. Əməkdaşlıq mərkəzə dünyanın aparıcı alimləri ilə əlaqələr qurmaq, beynəlxalq tədqiqat təşəbbüslərində iştirak etmək və gənc gürcü tədqiqatçıları dəstəkləmək üçün əlverişli şərait yaratmaq imkanı verəcək. Qeyd etmək lazımdır ki, əməkdaşlığın ilk praktiki addımı artıq atılıb. Belə ki, Fields İnstitutu və onunla affilləşdirilmiş digər universitetlər, Qiorqi Nikoladze adına Elmi-Tədqiqat Mərkəzi ilə əməkdaşlıq çərçivəsində artıq sentyabr ayında KIU-da tələbələr üçün “Süni İntellekt üçün Riyaziyyat” adlı regional yay məktəbinin keçirilməsini planlaşdırıblar. Yay məktəbinin təşkilat komitəsinə professor Deyrdre Haskel və Qiorqi Nikoladze adına Elmi-Tədqiqat Mərkəzinin rəhbəri Aleksandre Mesxi daxildir.
Kutaisi Beynəlxalq Universiteti beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirməyə və dünyanın aparıcı təhsil-tədqiqat institutları ilə əməkdaşlığı dərinləşdirməyə davam edir. Bu da universitetin Gürcüstanda beynəlxalq standartlara uyğun təhsil, elm, tədqiqat və innovasiyaların inkişafına şərait yaratmaq kimi mühüm missiyasına xidmət edir.