Kutaisi Beynəlxalq Hava Limanından Hamburq istiqamətində birbaşa uçuşlar bərpa olunub
Kutaisi Beynəlxalq Hava Limanından Hamburq istiqamətində birbaşa uçuşlar bərpa olunub

Bu gündən etibarən, həftədə iki dəfə, Kutaisidəki Davit Ağmaşenebeli adına Beynəlxalq Hava Limanından Macarıstanın aviaşirkəti Wizz Air Hamburq istiqamətində birbaşa və müntəzəm reysləri bərpa edir. Bu barədə məlumatı Gürcüstan Hava Limanları İdarəsi yayıb.

Qurumun bildirdiyinə görə, Macar aviaşirkəti ilə aparılan danışıqlar uğurla yekunlaşıb. Hazırda Kutais Beynəlxalq Hava Limanından Almaniyanın 5 şəhərinə birbaşa müntəzəm uçuşlar həyata keçirilir. Ümumilikdə, Gürcüstandan Almaniyaya 4 aviaşirkət tərəfindən 8 müxtəlif istiqamətdə birbaşa reyslər yerinə yetirilir.

Gürcüstan Hava Limanları İdarəsinin məlumatına əsasən, 2024-cü ildə Gürcüstana Almaniyadan ümumilikdə 78,644 ziyarətçi gəlib. 29 aprel tarixindən etibarən Wizz Air Davit Ağmaşenebeli adına hava limanından daha bir istiqamətdə – Madriddən – uçuşları bərpa edəcək. 3 iyundan isə tamamilə yeni istiqamət – Lion (Fransa) əlavə olunacaq.

Hazırda Davit Ağmaşenebeli adına hava limanından 6 aviaşirkət tərəfindən 18 ölkənin 32 istiqamətinə birbaşa müntəzəm uçuşlar həyata keçirilir. Bu istiqamətlərdən 24-ü Avropaya aiddir.