Kuba dövlət mediasının məlumatına görə, həbsxanalardan 2 mindən çox məhbus azad ediləcək
Kuba dövlət mediasının məlumatına görə, ada ölkəsinin həbsxanalarından 2 mindən çox məhbus azad ediləcək. “Reuters”in xəbərinə əsasən, bu, cari ildə Kuba hökumətinin elan etdiyi ikinci amnistiyadır.
Məlumata görə, Kubanın dövlət qəzeti “Granma” bu addımı “humanitar və suveren jest” kimi qiymətləndirib.
Bildirilir ki, məhbusların azad olunması qərarı onların törətdikləri cinayətlərin xarakteri, həbsxanada nümunəvi davranışları və cəzanın əhəmiyyətli hissəsini artıq çəkmələri nəzərə alınaraq qəbul edilib.
Eyni zamanda, Kuba hökuməti bu qərarın ABŞ-ın təzyiqi ilə qəbul edildiyi iddialarını təkzib edir.
“Reuters”in məlumatına görə, məhbusların azad edilməsi barədə qərar Kuba xarici işlər nazirinin Vaşinqtona səfərindən və ABŞ hakimiyyətini ölkənin zəifləyən iqtisadiyyatının bərpasına dəstək verməyə çağırmasından bir gün sonra qəbul olunub.