Krtsanisi rayonunda Tsinanauri küçəsinin tam bərpası həyata keçirilir
Krtsanisi rayonunda Tsinanauri küçəsində küçənin tam bərpasını nəzərdə tutan genişmiqyaslı infrastruktur layihəsi həyata keçirilir – bu barədə paytaxtın meri Kaxa Kaladze bələdiyyə hökumətinin iclasında açıqlayıb.
O, yeraltı kommunikasiyaların yenilənməsinin də nəzərdə tutulduğunu bildirib.
“Bərpa məqsədilə daxil olduğumuz hər yerdə, ilk növbədə, yerin altında olan infrastrukturu qaydaya salırıq. Layihə çərçivəsində çox ağır vəziyyətdə olan yeraltı kommunikasiyalar tam yenilənəcək. Yağış suları şəbəkəsi qurulacaq və 8 000 kvadratmetr sahəyə asfalt örtüyü döşənəcək. Həmçinin piyada və nəqliyyat infrastrukturu qaydaya salınacaq, küçə işıqlandırma şəbəkəsi və torpağı saxlayan monolit divarlar tikiləcək” – Tbilisinin meri bildirib.
Onun sözlərinə əsasən, bu mərhələdə işlər aktiv fazadadır, xüsusən yeraltı kommunikasiyaların və yağış suları şəbəkəsinin qurulması həyata keçirilir, bundan sonra isə yol infrastrukturu bərpa olunacaq.