Kriptovalyutanın mənimsənilməsi işi üzrə Qiorqi Baçiaşvili barəsində seçilən girov qətimkan tədbiri həbslə əvəz edilib
Birgə investisiya fondunun sabiq rəhbəri, “Gürcü Arzusu”nun təsisçisi Bidzina İvanişviliyə məxsus kriptovalyutanın mənimsənilməsi işi üzrə təqsirləndirilən, Qiorqi Baçiaşvilinin məhkəmə prosesi keçirilir.
Prokurorluq Baçiaşvili barəsində seçilən qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb və onun barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edib, çünki prokurorun sözlərinə əsasən, o, ölkəni qanunsuz şəkildə tərk edib və ölkədən çıxışına qadağa qoyulmasını nəzərdə tutan məhkəmənin qərarını pozub. Baçiaşvili barəsində qeyd olunan iş üzrə qətimkan tədbiri qismində 2 500 000 lari girov qərarı seçilmişdi.
Müdafiə tərəfinin bəyanatına əsasən, Baçiaşvilinin sərhədi qanunsuz keçməsi işi ilə bağlı dünən həbs qətimkan tədbirinin seçilməsi fonunda, qeyd olunan iş üzrə həbs qətimkan tədbirinin seçilməsinə ehtiyac yoxdur.
Hakim Qiorqi Qelaşvili ittiham tərəfinin vəsatətini təmin edib və Qiorqi Baçiaşvili barəsində seçilən girov qətimkan tədbirini həbslə əvəz edib. Hakimin qeyd etdiyi kimi, Baçiaşvili girovun şərtlərini pozub və müvafiq olaraq, məhkəmə Baçiaşvili barəsində daha ağır qətimkan tədbiri, həbsin seçilməsinə qərar verib.
Qiorqi Baçiaşviliyə qarşı irəli sürülən ittiham 2017-ci ildə törədilən əməllə bağlıdır. Xüsusilə, prokurorluğun məlumatına əsasən, Baçiaşvili investora sərmayədən əldə olunmuş tam mənfəət əvəzinə cəmi 536 900 ABŞ dolları verib, geridə qalan və investora məxsus 8 986 bitkoini qanunazidd şəkildə mənimsəyib, bitkoinin qanunazidd şəkildə mənimsənildiyi zaman dəyəri təxminən 43 milyon ABŞ dolları olub. Qiorqi Baçiaşvili ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli görmür. Bu əməl 9 ildən 12 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.