Kriptovalyutanın mənimsənilməsi işi üzrə Qiorqi Baçiaşvili 11 il müddətinə azadlıqdan məhrum edilib
Birgə investisiya fondunun sabiq rəhbəri, Qiorqi Baçiaşvili “Gürcü Arzusu”nun təsisçisi Bidzina İvanişviliyə məxsus kriptovalyutanın mənimsənilməsi işi üzrə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Tbilisinin Şəhər Məhkəməsinin hakimi Qiorqi Qelaşvili sözügedən qərarı bir neçə dəqiqə bundan əvvəl elan edib.
Vəsaitin mənimsənilməsi hissəsində Baçiaşvili 10 il, qanunsuz gəlirlərinin leqallaşdırılmasına görə isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Bu sonuncu 10 illik cəzanı özünə çəkdi və sonda o, 11 il müddətinə azadlıqdan məhrum edildi.
Hakimin qeyd etdiyi kimi, Baçiaşvili barəsində qətimkan tədbiri seçilmişdi, lakin o, Gürcüstanda deyil və ədalət mühakiməsindən yayınıb, bu da qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas olub. Hakimin izahatına əsasən, məhkəmə hesab edir ki, Baçiaşvilinin istənilən formada iclasda iştirakı qətimkan tədbirinin məqsədlərini pozacaq.
İttiham tərəfi müdafiə tərəfinin vəsatəti ilə razılaşmayıb. Prokuror Baçiaşvilinin ədalət mühakiməsinin həyata keçirilməsindən yayındığını bildirib.
Məlumat üçün bildirək ki, sözügedən iş üzrə Qiorqi Baçiaşvili barəsində seçilən girov qətimkan tədbiri onun ölkəni tərk etməsindən sonra həbslə əvəz edilib. Qiorqi Baçiaşviliyə qarşı irəli sürülən ittiham 2017-ci ildə törədilən əməllə bağlıdır. Xüsusilə, prokurorluğun məlumatına əsasən, Baçiaşvili investora sərmayədən əldə olunmuş tam mənfəət əvəzinə cəmi 536 900 ABŞ dolları verib, geridə qalan və investora məxsus 8 986 bitkoini qanunazidd şəkildə mənimsəyib, bitkoinin qanunazidd şəkildə mənimsənildiyi zaman dəyəri təxminən 43 milyon ABŞ dolları olub. Qiorqi Baçiaşvili ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli görmür. Bu əməl 9 ildən 12 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.