Kremldə Vladimer Putinin Olaf Şoltsla danışmağa hazır olduğunu bildirirlər

12:08, 14.10.2024

 
Kremldə Rusiyanın lideri Vladimer Putinin Almaniyanın kansleri Olaf Şoltsla danışmağa hazır olduğunu bildiriblər. Bu haqda Rusiyanın “İnterfaks” agentliyinə açıqlamasında Putinin mətbuat katibi Dimitri Peskov deyib.

O bildirib ki, Putin “təmaslara açıq qalır”. Həmçinin, Peskov telefon danışığı ilə bağlı Kremlin Berlindən təklif almadığını qeyd edib.

“Heç bir təklif olmayıb. Biz dəfələrlə bəyan etmişik ki, Putin təmaslara açıq qalır” – Peskov deyib.

Məlumat üçün bildirək ki, Almaniyanın xarici işlər naziri Analena Berbok Putinin Olaf Şoltsla Ukraynadakı müharibənin sülh yolu ilə həlli barədə danışmağa hazır olmadığını bildirib.

Bundan əvvəl alman mediası kansler Şoltsun noyabrda Braziliyada keçirilməsi planlaşdırılan “Böyük iyirmilik” görüşündən əvvəl Putinlə telefon danışığı imkanını müzakirə etdiyini yazmışdı.

Bu məqalədən sonra Almaniya hökumətinin nümayəndəsi qeyd edib ki, Şolts əvvəllər Putinlə telefon danışığı aparmaq istəyini ifadə edib, lakin hələlik belə bir söhbətin planları yoxdur.

Şolts sonuncu dəfə Putinlə 2022-ci ilin axırında danışıb.

Oxşar