Kremldə Makronun “nüvə ritorikası”nın Rusiya üçün təhlükə olduğunu bildirirlər

16:49, 06.03.2025

 

Rusiyanın xarici işlər naziri Serqei Lavrov Fransa Prezidenti Emmanuel Makronun “nüvə ritorikası”nın Rusiya üçün təhlükə olduğunu bildirib. Bu haqda “İnterfaks” xəbər verir.

“Əlbəttə, bu, Rusiyaya yönəlik təhdiddir. Əgər o, bizi təhlükə hesab edərək, Avropa ölkələrinin və Britaniyanın baş qərargah rəislərinin görüşünü təşkil edirsə, nüvə silahından istifadənin, Rusiyaya qarşı nüvə silahından istifadəyə hazırlaşmağın lazım olduğunu deyirsə, bu, əlbətdə, təhdiddir” – Lavrov mətbuat konfransında açıqlayıb.

Lavrov bildirib ki, Makron “vaxtaşırı Putinə zəng edəcəyini, onunla mütləq danışacağını bildirir”. Lavrovun bəyanatına əsasən, “belə imkanlar mövcuddur, heç kim qadağa qoymur, əksinə, Putin daim bütün həmkarları ilə əlaqəyə açıqlığı vurğulayır”.

Öz növbəsində Putinin mətbuat katibi Dimitri Peskov Emmanuel Makronun bəyanatlarını qarşıdurma xarakterli adlandırıb. O deyib ki, Fransa liderinin şərhləri Parisin müharibəni davam etdirməyə can atması təəssüratını yaradır.

“Makronun çıxışını oxusaq, belə bir təəssürat yaranır ki, Fransa həqiqətən də müharibəni davam etdirmək istəyir. Üstəlik, Fransa artıq nüvə silahından təhlükəsizlik işində istifadə etməyə hazırdır. Bu artıq nüvə ritorikasıdır, bu, Avropada nüvə liderliyinə iddiadır. Bu, həddən çox qarşıdurma xarakterlidir” – Peskov bildirib.

Fransa Prezidenti Emmanuel Makron, Fransanın öz nüvə çəkindirici vasitələri ilə Avropa qitəsindəki digər müttəfiqlərini qorumağa başlaması üçün müzakirələri açmaq təşəbbüsü ilə çıxış edib.

Oxşar