Kreml – Vladimer Putin Trampın Ukraynanın enerji obyektlərinə zərbələr endirməyi 30 gün müddətinə dayandırmaq təşəbbüsünü dəstəkləyib və rus hərbçilərə artıq müvafiq əmr verib
Donald Tramp münaqişə tərəflərinin 30 günlüyünə enerji infrastrukturu obyektlərinə zərbələr endirməkdən imtina etməsi təklifini irəli sürüb. Vladimer Putin bu təşəbbüsə müsbət cavab verib və dərhal rus hərbçilərə müvafiq əmr verib – bu haqda ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimer Putin arasında telefon danışığı ilə əlaqədar Kreml tərəfindən yayılmış rəsmi məlumatda qeyd olunub.
Kremlin məlumatına əsasən, söhbət zamanı xüsusilə vurğulanıb ki, münaqişənin genişlənməsinin qarşısını almaq, siyasi və diplomatik yolla onu həll etmək məqsədilə, xarici hərbi yardımın və Kiyevə kəşfiyyat məlumatının verilməsinin tamamilə dayandırılması əsas şərt olmalıdır.
Bəyanatda qeyd edildiyi kimi, Kursk vilayətində mühasirəyə alınmış ukraynalı hərbçilərin həyatlarını qorumaq barədə Donald Trampın son çağırışı ilə əlaqədar Vladimer Putin təsdiq edib ki, Rusiya tərəfi humanitar mülahizələri rəhbər tutmağa hazırdır və əsir düşmə halında, Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin həyatına və onlarla layiqli rəftara Rusiya qanunlarına və beynəlxalq hüquqa uyğun olaraq zəmanət verir.
“Rusiya Prezidenti Donald Trampın Qara dəniz akvatoriyasında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı tanınmış təşəbbüsü həyata keçirmək fikrinə də konstruktiv cavab verib. Tərəflər belə bir sazişin konkret təfərrüatlarının daha da işlənib hazırlanması üçün danışıqlara başlamağa razılaşıblar” – Kremlin məlumatında qeyd olunub.