Kredit-reytinq agentliyi “Fitch Ratings” Gürcüstanın suveren reytinq perspektivini “sabit”dən “pozitiv”ə dəyişib, reytinqi isə yenidən dəyişməz olaraq “BB” səviyyəsində saxlayıb

10:52, 31.10.2026

 

2026-cı ilin oktyabrın 30-da kredit-reytinq agentliyi “Fitch Ratings” Gürcüstanın suveren reytinqini qiymətləndirib və müxtəlif amilləri nəzərə almaqla perspektivi “sabit”dən “pozitiv”ə dəyişib, reytinqi isə yenidən dəyişməz olaraq “BB” səviyyəsində saxlayıb.

Ölkənin qiymətləndirmə sənədində Gürcüstanın iqtisadi və fiskal dayanıqlılığını davam etdirdiyi qeyd olunub. Reytinqin pozitiv perspektivi beynəlxalq ehtiyatların sürətli toplanması, cari hesabın aşağı defisiti və yüksək iqtisadi artımla şərtlənir. Gürcüstanın reytinqini, həmçinin həyata keçirilən ehtiyatlı fiskal siyasət, hökumətin mülayim borcu və sabit bank sistemi gücləndirir.

Reytinq şirkəti qeyd edir ki, artan geosiyasi risklərə və yüksək enerji qiymətlərinə baxmayaraq, ölkə güclü iqtisadi artımı qoruyub saxlayır, bu da investisiyalar və ixracın yüksək artımı ilə şərtlənir. 2023–2025-ci illər ərzində ölkənin orta iqtisadi artımı 8%-dən çox olub. “Fitch Ratings” ortamüddətli dövrdə də Gürcüstanın real iqtisadi artımının analoji reytinqə malik ölkələrdən daha yüksək səviyyədə qeydə alınacağını gözləyir.

Həmçinin agentlik Gürcüstanın fiskal siyasət çərçivəsini yenə də ehtiyatlı və şəffaf qiymətləndirir, bu isə makroiqtisadi sabitliyə və yaxşılaşdırılmış biznes mühitinə dəstək verən struktur islahatları ilə müşayiət olunur. O fakt da vurğulanmalıdır ki, büdcə defisitinin ÜDM-ə nisbəti fiskal qayda ilə icazə verilən həddən xeyli aşağıdır, borcun ÜDM-ə nisbəti isə azalma meyli ilə xarakterizə olunur və xarici borc böyük ölçüdə beynəlxalq maliyyə institutlarından götürülmüş güzəştli kreditlərdən ibarətdir.

“Fitch Ratings” reytinq şirkəti beynəlxalq valyuta ehtiyatlarının yüksək templə artdığını və cari ilin sentyabr ayında 8,2 milyard ABŞ dollarına çatdığını vurğulayır. Qeyd olunan nəticə əsasən ölkənin vergi balansının yaxşılaşması (xüsusən də cari əməliyyat defisitinin azalması), kapital axınının artması, ehtiyatlı pul-kredit siyasəti və inamın yüksəlməsi ilə bağlıdır.

“Fitch Ratings” Gürcüstanın bank sistemini yaxşı kapitallaşdırılmış kimi qiymətləndirir, sektorun gəlirliliyi, aktivlərin keyfiyyəti və ehtiyatlı nəzarət qorunub saxlanılır. Bununla yanaşı, əmanətlərin və kreditlərin dollarlaşma səviyyələrinin azalma meyli ilə xarakterizə olunduğu vurğulanır, bu da əsasən Milli Bankın həyata keçirdiyi makroprudensial tədbirlərlə şərtlənib.

Hesabata əsasən, ortamüddətli perspektivdə xarici amillərin yaxşılaşması meyllərinin davamlı qorunub saxlanılması və daha da təkmilləşdirilməsi, o cümlədən artan xarici buferlər və cari əməliyyatın kiçik defisiti reytinqin sonrakı yaxşılaşması üçün mühüm amil olacaq.

Məlumatı Gürcüstanın Maliyyə Nazirliyi yayır.

Oxşar