Krasnodarda pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində Wildberries şirkətinin ən böyük logistika mərkəzlərindən birində yanğın baş verib
Ötən gecə Rusiyanın Krasnodar şəhərində pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində Wildberries şirkətinin ən iri logistika mərkəzlərindən birində yanğın baş verib. Məlumatlara görə, PUA zərbələrindən sonra Krasnodar ətrafında da genişmiqyaslı yanğınlar qeydə alınıb.
Yerli sakinlər sosial şəbəkələrdə şəhərin müxtəlif hissələrində bir neçə yanğın ocağını əks etdirən videolar yayıblar. Şahidlərin sözlərinə görə, gecə ərzində 20–30 partlayış səsi eşidilib. Onların bildirdiyinə əsasən, hava həyəcanı siqnalı yalnız insidentdən sonra, təxminən iki dəqiqəlik aktivləşdirilib və daha sonra söndürülüb.
İlkin məlumata görə, hücumun hədəfi Rusiyanın ən iri logistika mərkəzlərindən biri olan Wildberries logistika habı olub və burada güclü yanğın baş verib. Hadisə nəticəsində mümkün xəsarət alanlar və dəymiş ziyanla bağlı rəsmi məlumat hələlik açıqlanmayıb.