Kosovonun paytaxtında bir qrup nümayişçi Haşim Taçi üçün 25 illik həbs cəzasına etiraz edib və Avropa İttifaqının missiyasının binasına basqın etməyə cəhd göstərib

19:17, 16.09.2026

 

Kosovonun paytaxtı Priştinada bir qrup nümayişçi Avropa İttifaqının missiyasının binası qarşısına toplaşıb və ona basqın etməyə cəhd edib. Medianın məlumatına əsasən, buna səbəb Haaqa Məhkəməsinin Kosovonun sabiq prezidenti Haşim Taçiyə 25 il azadlıqdan məhrum etmə cəzası kəsməsi ilə bağlı bu gün çıxardığı qərar olub.

Yerli medianın məlumatına əsasən, Avropa İttifaqının missiyasının binasını xüsusi təyinatlıların böyük bir kontingenti qoruyub. Bir neçə nümayişçi binanın ətrafındakı tikanlı naqillərin üzərindən keçməyə çalışıb, lakin xüsusi təyinatlılar onları geri qaytarıblar.

Etirazçılar əllərində Albaniya bayraqları və “Azadlığın bir adı var” şüarı yazılmış qara bayraqlar tutublar.

Məlumat üçün bildirək ki, Haaqa Məhkəməsi Kosovonun keçmiş prezidenti Haşim Taçini 25 il müddətinə azadlıqdan məhrum edib. Ona qarşı hərbi cinayətlərlə bağlı dörd iş üzrə ittiham irəli sürülmüşdü. Kosovonun İxtisaslaşdırılmış Palataları Haşim Taçini qətl, işgəncə, qəddar rəftar və özbaşına həbs etmə maddələri üzrə təqsirli bilib. Sədrlik edən hakim Çarlz Smit bildirib ki, Taçi öz mövqeyindən, liderliyindən, nüfuzundan və statusundan kollaborasionist və xain kimi qəbul edilən siyasi rəqiblərinə və dinc sakinlərə hücumlar da daxil olmaqla, cinayətləri təşviq etmək üçün istifadə edib.

Oxşar