Kosovonun Baş naziri ölkənin keçmiş prezidenti Haşim Taçi barəsində çıxarılan hökmü “qəbulolunmaz ədalətsizlik” adlandırır və hökumətin apellyasiya şikayətini dəstəkləyəcəyini bildirir

22:41, 16.09.2026

 

Kosovonun Baş naziri Albin Kurti ölkənin keçmiş prezidenti Haşim Taçi barəsində hərbi cinayətlərə görə çıxarılan hökmü “qəbulolunmaz ədalətsizlik” adlandırır.

O, hökumətin Taçinin apellyasiya şikayətini dəstəkləyəcəyini bildirib.

“Bu hökm və belə ağır cəzanın kəsilməsi qəbulolunmaz ədalətsizlik və ağır, zərərli cəzadır. Ola bilsin ki, qərar formal olaraq Kosovo xalqının adından elan edilib, lakin bu puç əməl xalqın iradəsi ilə qarışdırılmamalıdır. Bu qərar mütləq dəyişdirilməli və Apellyasiya Məhkəməsində düzəldilməlidir və bu, mümkün qədər tez baş verməlidir.

Kosovo Respublikasının hökuməti təqsirləndirilən şəxsləri apellyasiya prosesində dəstəkləmək üçün əlində olan bütün vasitələrdən yenidən istifadə edəcək. Biz bu ədalətsizliyin tamamilə aradan qaldırılacağını gözləyirik. Bu hökm Kosovo Azadlıq Ordusunun yaradıldığı tarixi kontekstdən təcrid olunmuş şəkildə nəzərdən keçirilə bilməz” – Albin Kurti bildirib.

Məlumat üçün bildirək ki, Haaqa Məhkəməsi Kosovonun keçmiş prezidenti Haşim Taçini 25 il müddətinə azadlıqdan məhrum edib. Ona qarşı hərbi cinayətlərlə bağlı dörd iş üzrə ittiham irəli sürülmüşdü. Kosovonun İxtisaslaşdırılmış Palataları Haşim Taçini qətl, işgəncə, qəddar rəftar və özbaşına həbs etmə maddələri üzrə təqsirli bilib.

Sədrlik edən hakim Çarlz Smit bildirib ki, Taçi öz mövqeyindən, liderliyindən, nüfuzundan və statusundan kollaborasionist və xain kimi qəbul edilən siyasi rəqiblərinə və dinc sakinlərə hücumlar da daxil olmaqla, cinayətləri təşviq etmək üçün istifadə edib. Bu qərardan sonra Kosovonun paytaxtı Priştinada bir qrup nümayişçi Avropa İttifaqının missiyasının binası qarşısına toplaşıb və ona basqın etməyə cəhd göstərib.

Oxşar