Kolumbiyada prezidentliyə namizədə sui-qəsd olub – Migel Uribe Turbay seçki tədbiri zamanı güllələnib
Kolumbiyada prezidentliyə namizədə sui-qəsd olub – Migel Uribe Turbay seçki tədbiri zamanı güllələnib

Kolumbiyada prezidentliyə namizədə qarşı silahlı hücum baş verib. 39 yaşlı Migel Uribe Turbay ölkənin paytaxtı Boqotada seçki kampaniyası çərçivəsində keçirilən tədbir zamanı üç dəfə güllələnib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yerli mediaya görə, polis hadisə yerində şübhəlini – 15 yaşlı yeniyetməni saxlayıb.

Migel Uribəyə atəş açıldığı vaxt o, parkda azsaylı seçici qrupuna çıxış edirdi. Yaralanan siyasətçi təcili olaraq helikopterlə xəstəxanaya çatdırılıb.

Uribe müxalifətçi mühafizəkar “Demokratik Mərkəz” partiyasının nümayəndəsidir. 2022-ci ildən Kolumbiya Senatının üzvüdür. Onun partiyası hücumu qəti şəkildə pisləyib və bu hadisəni Kolumbiyada demokratiya və azadlığa qarşı ciddi təhlükə adlandırıb.

Prezident Qustavo Petro da hücumu qınayıb və baş verəni bütövlükdə demokratiyaya qarşı zorakılıq aktı adlandırıb.

Kolumbiyada prezident seçkiləri gələn ilin oktyabr ayında keçiriləcək.

Qeyd edək ki, Migel Uribenin anası, jurnalist Dayana Turbay 1991-ci ildə Pablo Eskobarın narkokartelinin üzvləri tərəfindən qaçırılmış və azad etmə əməliyyatı zamanı öldürülmüşdü.