Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın səsvermə hüququnu dayandırıb
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv dövlətləri Ermənistanın təşkilatda səsvermə və rəhbər vəzifələrə öz nümayəndələrini təqdim etmək hüququnu dayandırıblar.
Qərar Moskvada keçirilən zirvə toplantısında qəbul edilib. Məlumatı erməni mediası Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskova istinadən yayır.
Peskovun bəyanatına əsasən, qərar təşkilatın nizamnaməsi əsasında qəbul olunub, çünki Ermənistan bir neçə il ərzində üzvlükdən irəli gələn maliyyə öhdəliklərini yerinə yetirməyib.
Təşkilatın nizamnaməsinin 25-ci maddəsinə əsasən, üzv dövlət iki il ərzində üzvlük haqqını ödəməzsə, onun səsvermə və təşkilatın vəzifələrinə namizəd təqdim etmək hüququ dayandırıla bilər. Məhdudiyyətlər borc tam ödənilənədək qüvvədə qalır. Rusiyanın xarici işlər naziri Serqey Lavrovun bəyanatına əsasən, Ermənistan 2024-cü ildən təşkilatın büdcəsinə üzvlük haqlarını ödəmir.
Bununla yanaşı, o, qəbul edilmiş qərarın Ermənistanı kollektiv müdafiə müqaviləsi ilə nəzərdə tutulmuş əsas hüquqlardan məhrum etmədiyini bildirib.
Məlumat üçün bildirək ki, Ermənistan təşkilatda iştirakını 2024-cü ilin fevralında dondurub. Baş nazir Nikol Paşinyan qərarı təşkilatın Ermənistanın təhlükəsizliyini təmin etmək öhdəliklərini, o cümlədən Azərbaycanla münaqişə zamanı yerinə yetirməməsi ilə izah edib. Səsvermə hüququnun dayandırılmasına baxmayaraq, Ermənistan formal olaraq təşkilatın üzvü olaraq qalır.