Kiyevdə və Ukraynanın digər şəhərlərində Mixaylo Fedorova dəstək aksiyaları keçirilir – “Fedorovu geri qaytarın, bu, biabırçılıqdır, Sırski istefa versin”

13:25, 16.07.2026

Kiyevdə və Ukraynanın digər şəhərlərində hazırkı müdafiə naziri Mixaylo Fedorova dəstək aksiyaları keçirilir. Bundan əvvəl Mixaylo Fedorovun istefa verdiyi barədə məlumat yayılmışdı.

Ukraynanın paytaxtında aksiya iştirakçıları İvan Franko meydanında toplaşıblar. Aksiya veteran və keçmiş hərbi həkim Dmitro Kozyatinski tərəfindən elan edilib.

Aksiya iştirakçıları əllərində plakatlar tutaraq “Fedorovu geri qaytarın”, “Bu, biabırçılıqdır”, “Sırski istefa versin” şüarları səsləndirirlər.

Aksiyalar həmçinin İvano-Frankivsk, Vinnitsa, Lutsk, Xmelnitski, Lvov, Ujqorod, Dnepr, Ternopol və Odessa şəhərlərində başlayıb.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələri komandanının müavini, polkovnik Pavlo Elizarov vəzifədən getməsi ilə bağlı raport təqdim edib. O, qərarını birbaşa müdafiə nazirinin vəzifədən ayrılması ilə əlaqələndirib.

“Təəssüf ki, müharibənin beşinci ilində Ukrayna Silahlı Qüvvələrindən azad olunmağım barədə raport yazdım. Hesab edirəm ki, Mixaylo Fedorovun vəzifədən uzaqlaşdırılması ölkənin müdafiə potensialı üçün böyük zərərdir. Ukraynaya eşq olsun!” – deyə Elizarov bildirib.

“Ukrainska Pravda”nın yazdığına görə, Elizarovu Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsinə məhz Fedorov 2026-cı ilin yanvarında təyin edib.

Mixaylo Fedorov 2026-cı ilin yanvarında Ukraynanın müdafiə naziri olub. Onun istefası ilə bağlı rəsmi açıqlama hələ yayılmayıb, lakin nazir özü sosial şəbəkədə vəzifədən getdiyini təsdiqləyib.

Fedorovun istefası Ukrayna hökumətində davam edən kadr dəyişiklikləri fonunda baş verir. İyulun 14-də Ali Rada Baş nazir Yuliya Sviridenkonun istefasını dəstəkləyib. Medianın məlumatına görə, Nazirlər Kabinetinin yeni tərkibinin bu gün açıqlanacağı gözlənilir.

Ukrayna Prezidenti Volodimir Zelenski Baş nazir vəzifəsinə parlamentə “Naftoqaz” şirkətinin rəhbəri Sergey Koretskinin namizədliyini təqdim edib.

Oxşar