Kiyevdə 21 avqust matəm günü elan edilib

11:27, 20.08.2026

Kiyevdə 21 avqust matəm günü elan edilib. Bu barədə Kiyev meri Vitali Kliçko bildirib.
“Paytaxta düşmənin həyata keçirdiyi genişmiqyaslı hücum nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq 21 avqust Kiyevdə matəm günü elan edilib”, – deyə Kliçko bildirib.
Matəm günü Kiyevdə bütün bələdiyyə binalarında dövlət bayraqları endiriləcək. Dövlət qurumlarına, eləcə də özəl müəssisə və təşkilatlara bayraqları yarıya qədər endirmək tövsiyə olunub.
Avqustun 21-də Kiyevdə bütün əyləncə tədbirlərinin keçirilməsi də qadağan ediləcək.
Rusiyanın genişmiqyaslı hücumundan sonra Ukraynanın xarici işlər naziri Andrey Sibiqa beynəlxalq tərəfdaşları Ukraynaya ballistik raketlərə qarşı müdafiə sistemləri təqdim etməyə və Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb. Sibiqanın sözlərinə görə, avqustun 20-nə keçən gecə Rusiyanın həyata keçirdiyi hücum ən amansız hücumlardan biri olub.
“Belə dəhşətli hərbi cinayətlərlə Putin tam cəzasız olduğunu göstərməyə çalışır. Hər bir Rusiya ballistik raketi barbarlıq aktıdır, Ukraynaya verilən hər bir raketdən müdafiə vasitəsi isə insanların həyatını xilas edən humanizm ifadəsidir”, – deyə Ukraynanın xarici işlər naziri bildirib.
Sibiqanın sözlərinə görə, Ukrayna bu cür raketləri təmin edə biləcək tərəfdaşların kim olduğunu bilir və onları dərhal hərəkətə keçməyə çağırıb.

Oxşar