Kit Keloqi – Ukrayna heç vaxt Xerson, Zaporojie, Luqansk və Donetsk vilayətlərini Rusiyaya güzəştə getməyə razı olmayacaq
Ukrayna heç vaxt Xerson, Zaporojie, Luqansk və Donetsk vilayətlərini Rusiyaya güzəştə getməyə razı olmayacaq – bu barədə ABŞ Prezidenti Donald Trampa onun Ukrayna və Rusiya məsələləri üzrə xüsusi nümayəndəsi Kit Keloqi deyib.
“Reuters” agentliyinin verdiyi məlumat üzrə, Keloqi bu bəyanatla Ukraynada atəşkəsə nail olmağın ən sürətli yolunun Rusiyaya Ukraynanın dörd bölgəsi üzərində mülkiyyət hüququ verəcək strategiyanı dəstəkləmək olduğunu düşünən Trampın xüsusi nümayəndəsi Stiven Uitkofun mövqeyinə cavab verib.
Medianın verdiyi məlumat üzrə, Trampla görüşdə Keloqi Uitkofa qarşı çıxıb və deyib ki, Ukraynanın bir sıra ərazilərlə əlaqəli bəzi şərtlərlə bağlı danışıqlara hazır olmasına baxmayaraq, heç vaxt dörd vilayətin nəzarətinin tam şəkildə Moskvaya verilməsinə razı olmayacaq.
“Reuters”in məlumatına əsasən, ABŞ Prezidenti ilə Keloqinin görüşü Tramp tərəfindən Amerika strategiyasının dəyişdirilməsi ilə bağlı qərar qəbul edilmədən başa çatıb.
Məlumat üçün bildirək ki, Rusiya Prezidenti Vladimir Putin aprelin 11-də Sankt-Peterburqda ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkofla görüşüb. Kremlin mətbuat xidmətindən bəyan edildiyi üzrə, danışıqların mövzusu “Ukrayna münaqişəsinin nizamlanması aspektləri” olub.