Kiril Dmitriyev – Donald Tramp administrasiyası tərəfindən “Graham Act”in fəaliyyətinin dayandırılması mühüm və tarixi məqamdır, Rusiya və ABŞ-nin iqtisadi əməkdaşlığı hər iki ölkənin maraqlarına uyğundur
Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kiril Dmitriyev Donald Tramp tərəfindən imzalanmış və Rusiya ilə bağlı “Graham Act” ilə nəzərdə tutulmuş bəzi sanksiya, məhdudiyyət və tarifin fəaliyyətini dayandıran icra sərəncamına münasibət bildirib.
Dmitriyevin qeyd etdiyi kimi, senator Lindsi Qremin adı ilə bağlı olan qanunun fəaliyyətinin dayandırılması tarixi məqamdır.
“Prezident Donald Tramp administrasiyası tərəfindən “Graham Act”in fəaliyyətinin dayandırılması mühüm və həqiqətən tarixi məqamdır – sanksiyalar və qarşıdurma əvəzinə dialoq, qarşılıqlı faydalı əməkdaşlıq və qlobal sabitliyə görə birgə məsuliyyət” – Dmitriyev yazır.
O bildirib ki, qeyd olunan qanun Rusiya ilə ABŞ arasındakı iqtisadi əlaqələri tamamilə dayandıra bilərdi, bu da həm Amerika iqtisadiyyatına, həm də dünya bazarlarına mühüm ziyan vurardı.
“Rusiya və ABŞ arasında iqtisadi əməkdaşlıq hər iki ölkənin maraqlarına uyğundur, dünya iqtisadiyyatının sabitliyinə kömək edir, etimadın güclənməsi və dayanıqlı sülhə nail olunması üçün əsas yaradır” – Dmitriyev açıqlayıb.
Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp Rusiya ilə bağlı “Graham Act” ilə nəzərdə tutulmuş bəzi sanksiya, məhdudiyyət və tarifin fəaliyyətini dayandıran icra sərəncamı imzalayıb. Trampın sərəncamda qeyd etdiyi kimi, “belə bir istisnanın edilməsi ABŞ-nin milli maraqlarına uyğundur”.