Böyük Britaniyanın Baş naziri Kir Starmer və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
“Reuters” Dauninq Stritin ofisinin bəyanatına istinadən xəbər verir ki, tərəflər müzakirə zamanı Ukraynada müharibənin ədalətli və uzunmüddətli sülhə nail olmaq cəhdlərini müzakirə ediblər. Həmçinin, iki ölkənin liderləri Ukraynaya dəstək vəd edən “İstəklilər Koalisiyası” ölkələrinin işi haqqında da danışıblar.
Yayılmış məlumata əsasən, Kir Starmer Donald Trampa sülh razılaşmasını dəstəkləmək və hərbi əməliyyatlara ədalətli və uzunmüddətli son qoyulmasını təmin etmək üçün “İstəklilər Koalisiyası” tərəfindən görülən iş haqqında məlumat verib.
Bundan başqa, məlum olub ki, tərəflər sələfi Piter Mandelsonun vəzifəsindən azad edilməsindən sonra Kristian Ternerin Birləşmiş Krallığın ABŞ-a səfiri olaraq təyin edilməsini müzakirə ediblər. Leyborist Partiyasının üzvünün vəzifədən azad edilməsi onun amerikalı maliyyəçi Ceffri Epşteynlə yaxın əlaqəsi ilə bağlıdır. Xüsusilə, səfirin Epşteynə dəstək məktubu göndərdiyi və onu “ən yaxşı dostu” adlandırdığı aşkar edildikdən sonra onu vəzifəsindən azad ediblər.