Kir Starmer - Minnesota ilə bağlı gördüyüm görüntülər narahatedicidir
Böyük Britaniyanın Baş naziri Kir Starmer Minnesotadakı atışmalardan narahatdır.
O, bu haqda Çinə səfəri zamanı təyyarədə jurnalistlərə deyib.
Bununla yanaşı, Britaniyanın Baş naziri digər ölkələrdə baş verən hadisələrlə bağlı geniş şərh vermək niyyətində olmadığını qeyd edib.
“Zənn etmirəm ki, kimsə bəzi görüntüləri görsün və bunun narahatedici olduğunu deməsin. Lakin, mən hər görüntünü və hər detalı gördüyümü iddia etmirəm. Gördüklərimi nəzərə alsaq, bunun narahatedici olduğunu deyərdim” – Kir Starmer bildirib.
Məlumat üçün bildirək ki, yanvarın 24-də Minneapolisdə federal agentlər daha bir nəfəri öldürüblər. ABŞ Daxili Təhlükəsizlik Departamentinin məlumatına əsasən, Sərhəd Xidmətinin agentləri özünümüdafiə məqsədilə onlara odlu silahla yaxınlaşan kişiyə atəş açıblar. Minneapolisin Polis rəisi Brayan O’Hara öldürülən 37 yaşlı kişinin ABŞ vətəndaşı olduğunu və silahı qanuni yolla aldığını bildirib.