Kir Starmer – Dünyanın silahlandığı və təcavüzün artdığı bir vaxtda müharibənin qarşısını almağın ən yaxşı yolu ona hazırlaşmaqdır
Birləşmiş Krallığın Baş naziri vəzifəsini icra edən Kir Starmer, Britaniyanın müdafiəyə əlavə 15 milyard funt sterlinq xərcləyəcəyini bildirir.
O, Böyük Britaniyanın müdafiə xərclərinin 2029-cu ilə qədər ildə 80 milyard funt sterlinqə çatacağını deyib. Starmer həmçinin qeyd edib ki, müvafiq maliyyə vəsaitlərinin ayrılması üçün bəzi yol və enerji layihələri ləğv ediləcək.
“Dünyanın silahlandığı və təcavüzün artdığı bir vaxtda müharibənin qarşısını almağın ən yaxşı yolu ona hazırlaşmaqdır. Bu plan, ölkənin bu məqamda nəyə ehtiyacı olduğuna dair bizim ən düzgün qiymətləndirməmizdir. İndi, əvvəlki hökumətlərdən fərqli olaraq, bu planın tam maliyyələşdirilməsinin qayğısına qaldıq, müdafiə büdcəsini təfərrüatlı şəkildə öyrəndik. Bu, həmçinin silahlı qüvvələrimizin nəsil dəyişikliyini həyata keçirməklə, Ukrayna dərslərindən nəticə çıxarmaqla, həm bugünkü, həm də sabahkı müharibələrdə döyüşmək üçün təchiz edilmiş hərbi qüvvələrimizi modernləşdirməklə Britaniya xalqını daha təhlükəsiz edəcək” – Starmer bildirib.
Bununla yanaşı, Starmer müdafiə investisiya planının Böyük Britaniyaya öz beynəlxalq liderliyini gücləndirməyə və “daha Avropayönümlü bir NATO qurmağa” imkan verəcəyini deyib. O qeyd edib ki, Böyük Britaniya artıq Almaniya ilə birlikdə yüksək dəqiqlikli zərbə silahları hazırlayır, Rusiya sualtı qayıqlarını aşkar etmək üçün Norveçlə birgə freqatlar inşa edir, lakin müdafiə investisiya planı ilə bu addımları daha da irəli aparacaq.
“BBC”nin yazdığı kimi, Britaniyanın Müdafiə İnvestisiya Planı (DIP) dronların və avtonom silahların istifadəsinin artırılması üçün 5 milyard funt-sterlinqin ayrılmasını nəzərdə tutur. Bura həmçinin hərbi gəmilər və təyyarələrlə yanaşı, pilotsuz gəmilər və süni intellektdən istifadə etməklə Kraliyyət Hərbi Dəniz Qüvvələrinin “hibrid dəniz donanmasına” çevrilməsi planları və altı yeni hərbi gəminin əlavə edilməsi daxildir.