Kir Starmer Donald Trampla görüş keçirəcəyi Vaşinqtona gedib

11:23, 27.02.2025

 
Böyük Britaniyanın Baş naziri ABŞ Prezidenti Donald Trampla görüş keçirəcəyi Vaşinqtona səfər edib. Kir Starmeri Ağ Evdə qəbul edəcəklər.

Bu haqda “Sky News” xəbər verir.

Kir Starmer jurnalistlərlə danışarkən Böyük Britaniya və ABŞ arasında tərəfdaşlığın əhəmiyyətindən danışıb.

“Biz sizinlə işləmək istəyirik, sizi Britaniyada salamlamaq istəyirik. Biz yeni tərəfdaşlıq istəyirik, çünki tariximiz bizə göstərir ki, biz birlikdə işlədiyimiz zaman möhtəşəm şeylər baş verir” – Kir Starmer deyib.

Ukraynaya gəlincə, Böyük Britaniyanın Baş naziri bildirib ki, London Ukrayna məsələsində Vaşinqtonla birgə işləyir.

Kir Starmerin son həftələrdə baş verən hadisələr fonunda prezident Donald Trampa etibar etməsinin mümkün olub-olmaması sualına baş nazir müsbət cavab verib.

“Onunla yaxşı münasibətim var, bildiyiniz kimi, onunla görüşmüşəm, telefonla danışmışam və iki ölkə arasında uzun tarixə malik, birgə mübarizə, birgə ticarətlə formalaşan xüsusi münasibətimiz var. Dediyim kimi, bu münasibətin daha da güclənməsini istəyirəm” – Kir Starmer qeyd edib.

Həmçinin, Böyük Britaniyanın Baş naziri qeyd edib ki, hər kəs Ukraynada sülh yolu ilə nəticə əldə etmək istəyir, uzunmüddətli sülh üçün isə effektiv təhlükəsizlik zəmanətini təmin etmək lazımdır.

“Zəmanətin bu qədər vacib olduğunu deməyimin səbəbi odur ki, təhlükəsizlik zəmanəti Putini bir daha geri qayıtmaqdan çəkindirəcək qədər güclü olmalıdır. Məni narahat edən odur ki, atəşkəs zəmanət olmadan əldə olunarsa, bu, sadəcə olaraq, ona gözləməyə və yenidən qayıtmağa imkan verəcək, çünki onun Ukrayna ilə bağlı ambisiyası, fikrimcə, hamıya aydındır” – Kir Starmer bildirib.

Oxşar