Kir Starmer - ABŞ ilə sıx münasibətimiz var və bu münasibəti qoruyub saxlayacağıq, Çini görməzdən gəlmək də axmaqlıq olardı, dünyada ikinci ən böyük iqtisadiyyatdır, biznes imkanları var
Biz ABŞ və Çin arasında seçim etməyəcəyik – bu haqda Böyük Britaniyanın Baş naziri Kir Starmer “Bloomberg”ə müsahibəsində bildirib.
Pekinə səfərindən əvvəl Starmer qeyd edib ki, ölkəsi ABŞ və Çin arasında seçim etməyə məcbur olmayacaq.
Böyük Britaniyanın Baş naziri, Donald Trampı qıcıqlandırmadan və ya ABŞ ilə münasibətləri pisləşdirmədən Çin Prezidenti Si Dzinpinlə görüşə biləcəyini deyib.
“Məndən tez-tez sadəcə olaraq ölkələr arasında seçim etməyim tələb olunur. Mən bunu etmirəm” – Kir Starmer qeyd edib.
Böyük Britaniyanın Baş naziri Pekinə səfərin Britaniya biznesinə gətirəcəyi “əhəmiyyətli imkanlar”dan danışıb.
“Amerika Birləşmiş Ştatları ilə çox sıx münasibətlərimiz var, əlbəttə ki, bunu istəyirik və təhlükəsizlik və müdafiə məsələləri ilə birlikdə, bu münasibəti qoruyub saxlayacağıq. Eyni şəkildə, dünyada ikinci ən böyük iqtisadiyyat olan və biznes imkanlarının olduğu Çini görməzlikdən gəlmək və sadəcə başını quma batırmaq axmaqlıq olardı” – Starmer qeyd edib.
Kir Starmer yanvarın 28-31-də Çinə səfər edəcək. Britaniyanın Baş naziri sonuncu dəfə Çində səkkiz il əvvəl olub.