Kiprin cənub hissəsində genişmiqyaslı meşə yanğını ilə mübarizə aparırlar, iki nəfər həlak olub
Kiprin cənub hissəsində genişmiqyaslı meşə yanğını ilə mübarizə aparırlar. Fəlakət nəticəsində ölkədə iki nəfər həyatını itirib. Bu barədə “Associated Press” məlumat yayır.
Medianın məlumatına əsasən, yanğın 120 kvadrat kilometr əraziyə yayılıb. Ən azı 14 kənddən əhali təxliyə edilib, Lofou kəndində 20-dən çox ev məhv olub.
Kipr hakimiyyətinin məlumatına əsasən, yanğının söndürülməsi əməliyyatında 250-dən çox yanğınsöndürən, 75 xüsusi texnika və 14 təyyarə iştirak edir. Güclü külək və havanın yüksək temperaturu yanğının söndürülməsinə maneə olur.
İordaniya, İsrail və İspaniya yanğının söndürülməsinə kömək etmək üçün Kiprə təyyarə və helikopterlər göndəriblər. Yunanıstan isə Kiprə yanğınsöndürən briqadalar göndərib. Polis yanğının qəsdən törədildiyi barədə məlumatları araşdırır.