Xüsusi Penitensiar Xidmət Qiorqi Baçiaşvili ilə bağlı bəyanat yayır
Xüsusi Penitensiar Xidmət “Birgə İnvestisiya Fondu”nun sabiq rəhbəri Qiorqi Baçiaşvili ilə bağlı bəyanat yayır.
Qurumun bəyanatında qeyd olunduğu kimi, Penitensiar Xidmət bu bəyanatla ayrı-ayrı qərəzli media vasitələri tərəfindən məhkum Baçiaşvili ilə bağlı yayılan növbəti böhtan xarakterli məlumata münasibət bildirir.
“Yüksək ictimai maraqdan irəli gələrək, cəmiyyətə məlumat vermək istəyirik ki, məhkum Q.B. 2025-ci ilin mayın 27-də cəzaçəkmə müəssisəsinə yerləşdirilib. O, təkadamlıq kameraya deyil, müxtəlif vaxtlarda, o cümlədən cari ilin iyul ayının 12-dək müxtəlif kamera yoldaşları ilə birlikdə qaldığı müşahidə kameraları ilə təchiz olunmuş yaşayış kamerasına yerləşdirilmişdi.
Əlavə olaraq qeyd edirik ki, cari ilin iyulun 11-də cəzaçəkmə müəssisəsinin kamerasında məhkumlar arasında insident qeydə alınıb, nəticədə iki məhkum müxtəlif növ zədələr alıb. Məhkum Q.B.-yə penitensiar müəssisədə dərhal ilkin tibbi yardım göstərildi və mülki sektorun “Vivamed” klinikasına aparıldı, onda səthi zədələr müşahidə olunurdu. Onun üzərində bütün zəruri kliniko-laboratoriya və instrumental müayinələr aparıldı, müxtəlif həkim-mütəxəssislər tərəfindən konsultasiya verildi və tibbi personalın tövsiyəsi ilə həmin gün N8 penitensiar müəssisəsinə geri qaytarıldı. Cari ilin iyulun 12-də isə Q.B. N18 saylı təqsirləndirilənlər/məhkumlar üçün müalicə müəssisəsinə köçürüldü, burada ona müvafiq tibbi xidmət göstərilir və tibbi personalın daim nəzarəti altındadır. Məhkum kamera yoldaşı ilə birlikdə bu günə qədər N18 müalicə müəssisəsində qalır.
Yuxarıda qeyd olunan faktla əlaqədar, Ədliyyə Nazirliyinin müvafiq istintaq bölməsi Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada insidentin qeydə alındığı gündən, 2025-ci ilin iyulun 11-dən istintaq aparır və intensiv istintaq hərəkətləri davam etdirilir.
Diqqətəlayiqdir ki, son dövrdə ayrı-ayrı qərəzli media vasitələri və şəxslər tərəfindən Penitensiar Xidmətin fəaliyyətini nüfuzdan salmaq məqsədilə böhtan xarakterli bəyanatlarla ictimai rəyi manipulyasiya etmək cəhdləri tez-tez baş verir. Cəmiyyətə izah etmək istəyirik ki, bu cür halların heç biri müvafiq cavabsız qalmayacaq. Xüsusi Penitensiar Xidmət bir daha bütün maraqlı şəxs və media vasitələrinə çağırış edir ki, hər növ yoxlanılmamış və əsaslandırılmamış məlumatları yaymaqdan çəkinsinlər” – Penitensiar Xidmətin bəyanatında qeyd olunub.