Xüsusi İstintaq Xidməti pedofiliya və əxlaqsız hərəkət faktı üzrə bir nəfəri saxlayıb
Xüsusi İstintaq Xidmətinin əməkdaşları 14 yaşlı qıza qarşı əxlaqsız hərəkət törətməsi faktına görə 40 yaşlı kişini saxlayıblar.
Bu barədə məlumatı Xüsusi İstintaq Xidmətinin mətbuat xidməti yayır.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs internetdə sosial şəbəkələrdən, o cümlədən saxta “Facebook” səhifələrindən istifadə edərək yetkinlik yaşına çatmayan 13 və 14 yaşlı qızlarla əlaqə saxlayır, yaşını və kimliyini gizlədərək özünü onlara müxtəlif adlarla təqdim edirmiş. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayanlarla seksual xarakterli yazışmalar aparır, onlara pornoqrafik məzmunlu foto-video material göndərirmiş.
Xüsusi İstintaq Xidməti Gürcüstan Prokurorluğu ilə əməkdaşlıq edərək təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirib və dərhal sübutların əldə olunmasını təmin edib. O cümlədən pedofiliyada ifşa olunmuş təqsirləndirilən şəxsin üzərində, eləcə də avtomobili və mənzilində axtarış aparılıb. Təqsirləndirilən şəxsin mobil telefonları və digər elektron məlumat saxlama cihazları maddi sübut kimi götürülüb.
İstintaq tərəfindən sözügedən materialların tədqiqi nəticəsində təqsirləndirilən şəxsin telefonunda ona yaxın saxta “Facebook” və “Instagram” səhifəsi aşkar edilib, o, onlardan istifadə etməklə yüzlərlə insanla, o cümlədən yetkinlik yaşına çatmayan şəxslərlə təmas qurub. Bundan başqa, təqsirləndilən şəxsin illər ərzində qanunsuz şəkildə əldə etdiyi pornoqrafik və şəxsi həyatı əks etdirən foto və video material tapılıb.
“Xidmət istintaqı yetkinlik yaşına çatmayan şəxslərin maraqlarını nəzərə alaraq aparacaq və işin bütün mərhələlərində uşaqların hüquqlarını qoruyacaq. Xüsusi İstintaq Xidməti iş üzrə istintaqı davam etdirir və istintaq çərçivəsində təqsirləndirilən şəxsin bütün cinayət epizodlarını araşdıracaq. Saxlanılan şəxsə qarşı qanunla müəyyən edilmiş müddətdə ittiham irəli sürüləcək. Cinayət 5 ildən 9 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur” – məlumatda deyilir.