Xorvatiyanın prezident seçkilərinin ikinci turunda indiki prezident Zoran Milanoviç liderlik edir

12:55, 13.01.2025

 
Xorvatiyanın prezident seçkilərinin ikinci turunda indiki prezident Zoran Milanoviç liderlik edir. Bu barədə məlumatı “Reuters” yayır.

Agentliyin xəbər verdiyi üzrə, hazırda səslərin 98,65 faizi hesablanıb.

Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, müxalifətçi “Sosial Demokrat” partiyasının nümayəndəsi, indiki prezident Zoran Milanoviç 74,58% səs toplayıb. Onun rəqibi Xorvatiyanın “Demokratik İttifaqı”nın nümayəndəsi Draqan Primorak isə 25,42% səs toplayıb.

Seçici fəallığı 44,15% təşkil edib.

“Şəxsən mənim üçün böyük gündür və mən bu qələbəni əməyimin qiymətləndirilməsi və xalq tərəfindən mənə etimad bəyannaməsi kimi görürəm” – Milanoviç bildirib.

Seçkilərin birinci turu dekabrın 29-da keçirilib. İndiki prezident Zoran Milanoviç 49,2% səs toplayıb. Onun rəqibi Draqan Primorakı isə seçicilərin 19,4%-i dəstəkləyib.

Məlumat üçün bildirək ki, Milanoviç Ukrayna məsələsinə tənqidi yanaşır. O, Avropa İttifaqının Ukraynaya hərbi yardım göstərmək haqda qərarını dəstəkləmir. Həmçinin, Milanoviç Rusiyaya qarşı sanksiyaların tətbiqi qərarını tənqid edirdi.

Oxşar