Xarici İşlər Nazirliyi Cenevrə Danışıqlarının 65-ci raundu ilə bağlı bəyanat yayır
Gürcüstanın Xarici İşlər Nazirliyi Cenevrə Beynəlxalq Danışıqlarının 65-ci raundu ilə bağlı bəyanat yayır.
Xarici İşlər Nazirliyinin məlumatına əsasən, danışıqlar çərçivəsində gürcü nümayəndə heyəti əsas diqqəti Rusiya tərəfindən atəşkəs razılaşması ilə götürülmüş öhdəliklərin tam şəkildə yerinə yetirilməsinin zəruriliyinə, işğal olunmuş ərazilərdən məcburi köçkün düşmüş şəxslərin və qaçqınların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına yetirib.
“2025-ci ilin noyabrın 11-12-də xarici işlər nazirinin müavini Laşa Darsalianın Gürcüstanın nümayəndə heyətinə rəhbərlik etdiyi Cenevrə Beynəlxalq Danışıqlarının 65-ci raundu keçirilib.
Danışıqlar çərçivəsində gürcü nümayəndə heyəti əsas diqqəti Rusiya tərəfindən Avropa İttifaqının vasitəçiliyi ilə imzalanmış 2008-ci ilin 12 avqust tarixli atəşkəs razılaşması ilə götürülmüş beynəlxalq öhdəliklərin tam şəkildə yerinə yetirilməsinin zəruriliyi, işğal olunmuş ərazilərdən məcburi köçkün düşmüş şəxslərin və qaçqınların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması kimi Cenevrə Beynəlxalq Danışıqlarının gündəliyində duran əsas məsələlərə yetirib.
Qalidə İnsidentlərin Qarşısının Alınması və Onlara Reaksiya Mexanizminin (IPRM) heç bir ilkin şərt olmadan bərpa edilməsinin, Qali və Erqnetidə bəhs olunan mexanizmin müntəzəm olaraq, əsas prinsiplərə uyğun keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Gürcüstan tərəfi işğal olunmuş bölgələrdə təhlükəsizlik, humanitar və insan hüquqları baxımından yaranmış ağır vəziyyət və işğalçı rejimlərin destruktiv əməlləri məsələsini kəskin şəkildə qaldırıb. Qanunsuz şəkildə, beynəlxalq hüququn əsas prinsipləri və normalarının pozulması ilə Soxumidə hava limanının fəaliyyətə başlaması, müntəzəm aviareyslərin başladılması, Rusiyadan Soxumiyə dəmir yolu və dəniz sərnişin daşımalarının başladılması kimi son vaxtlar baş verən hərəkətlərlə bağlı narahatlıq ifadə olunub.
Rusiya və onun işğalçı rejimlərinin nümayəndələri, adi təcrübədə olduğu kimi, işğal olunmuş ərazilərdən məcburi köçkün düşmüş şəxslərin və qaçqınların öz evlərinə qayıtması ilə bağlı gündəlikdəki əsas məsələlərdən biri ilə bağlı danışıqlar masasını tərk ediblər.
Nəticədə, əvvəlki raundlar kimi, danışıqların 65-ci raundu da uğursuz oldu.
Cenevrə Beynəlxalq Danışıqları Avropa İttifaqının vasitəçiliyi ilə imzalanmış 2008-ci ilin 12 avqust tarixli atəşkəs razılaşması əsasında yaradılıb və onun əsas müzakirə məsələləri atəşkəs razılaşmasının həyata keçirilməsi, məcburi köçkünlərin və qaçqınların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması, eləcə də Rusiyanın işğalı nəticəsində yaranmış təhlükəsizlik və humanitar problemlərdir” – Gürcüstanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.