Xarici İşlər Nazirliyi - Estoniyanın səfiri ilə görüşdə onun bəyanatının təhsil sahəsinin islahatını siyasiləşdirməyə yönəldiyi və daxili işlərə müdaxilə cəhdi olduğu vurğulanıb
Cari ilin fevralın 24-də Estoniya Respublikasının Gürcüstandakı səfiri Marqe Mardisalu-Kahari sosial şəbəkədə Gürcüstanın universitetlərindən biri ilə bağlı verdiyi bəyanat ilə əlaqədar Gürcüstanın Xarici İşlər Nazirliyinə dəvət olunub – bu haqda Gürcüstanın Xarici İşlər Nazirliyi tərəfindən yayılmış məlumatda deyilir.
Qurumun məlumatına əsasən, Gürcüstanın xarici işlər nazirinin birinci müavini Qiorqi Zurabaşvili ilə keçirilən görüş zamanı Estoniya Respublikasının səfirindən onun bu cür hərəkətinin nəyə xidmət etdiyini izah etməsi istənilib.
“Nazirin birinci müavini vurğulayıb ki, Estoniyanın səfirinin bu cür bəyanatı təhsil sahəsində cari islahatı siyasiləşdirməyə yönəlib, bu da qəbuledilməzdir və ölkənin daxili işlərinə müdaxilə cəhdidir.
Səfirə izah edilib ki, Estoniya tərəfi Gürcüstanda cari təhsil islahatı ilə maraqlansa, Gürcüstanın Təhsil, Elm və Gənclik Nazirliyində məsləhətləşmələr aparmaq və bu məsələ ilə bağlı ətraflı məlumat almaq imkanına malikdir” – Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Estoniyanın səfiri sosial şəbəkədə İlia Dövlət Universitetinin rektoru Nino Doborcqinidze ilə çəkdirdiyi şəkli “Biz İlia Universitetinin yanındayıq” yazısı ilə paylaşıb.