Xalq müdafiəçisi - Seçkiöncəsi proseslərdə iştirak edən bütün tərəfləri ədalətli və dinc seçkiləri təmin edən seçki mühitinin formalaşmasına kömək etməyə çağırırıq
İki müstəqil konstitusiya təsisatı kimi Gürcüstanın xalq müdafiəçisi və Mərkəzi Seçki Komissiyası birlikdə siyasi partiyaları, namizədləri və seçkiöncəsi proseslərdə iştirak edən bütün tərəfləri ədalətli, dinc və bərabər seçkiləri təmin edən müvafiq seçki mühitinin formalaşmasına kömək etməyə çağırır – bu barədə Gürcüstanın xalq müdafiəçisinin bəyanatında deyilir.
Xalq müdafiəçisinin bəyanatında qeyd edildiyi kimi, seçki prosesində iştirak edən şəxslərə qarşı şəxsi hücumlar və ayrı-seçkiliyin təşviqi birbaşa olaraq seçki mühitini zəiflədir və ictimai etimada zərər verir.
“Avqustun 5-də Gürcüstan Prezidenti munisipalitetin nümayəndəlik orqanı – Sakrebulo (şəhər məclisi) və özünüidarəedən şəhərin/özünüidarəedən icmanın merinin növbəti seçkilərini oktyabrın 4-nə təyin etdi və müvafiq olaraq, seçkiöncəsi dövr davam edir.
Ötən illərdə seçkiöncəsi dövrün qütbləşmiş olduğunu nəzərə alaraq, iki müstəqil konstitusiya təsisatı kimi Gürcüstanın xalq müdafiəçisi və Mərkəzi Seçki Komissiyası birlikdə siyasi partiyaları, namizədləri və seçkiöncəsi proseslərdə iştirak edən bütün tərəfləri ədalətli, dinc və bərabər seçkiləri təmin edən müvafiq seçki mühitinin formalaşmasına kömək etməyə çağırır.
Seçki bütövlüyü və sağlam seçki mühiti demokratik cəmiyyətin fəaliyyəti üçün əsasdır. Lakin, seçki prosesi nifrət nitqindən istifadə, bu prosesdə iştirak edən şəxslərə qarşı şəxsi hücumlar və ayrı-seçkiliyin təşviqi ilə müşayiət olunduqda, bu, birbaşa olaraq seçki mühitini zəiflədir və ictimai etimada zərər verir” – bəyanatda deyilir.
Buradaca qeyd olunub ki, təəssüflər olsun ki, seçki dövründə seçki subyektləri tərəfindən müxtəlif əsaslarla insanlara qarşı ayrı-seçkiliyin təşviq edilməsi və nifrət nitqindən istifadə edilməsi hallarına dəfələrlə rast gəlinib.
“Ötən illərdə seçki komissiyalarının nümayəndələri və üzvləri də bu cür hücumların hədəfinə çevrilmişdi. Bununla yanaşı, siyasi debatlar iştirakçılar tərəfindən bir-birlərinin ünvanına bir sıra hallarda, təhqiramiz bəyanatlar ilə xarakterizə olunur. Xalq müdafiəçisi və Mərkəzi Seçki Komissiyası belə faktların zərərli olduğunu, bərabər və dinc seçki mühitinin formalaşmasına maneə olduğunu xüsusilə vurğulayır.
Bununla yanaşı, Seçki Administrasiyasının rəvan fəaliyyəti seçki proseslərinin ləngimə olmadan keçməsi ilə birlikdə, bu proseslərə yüksək ictimai etimadın formalaşmasında həlledici əhəmiyyətə malikdir, bu da öz növbəsində ölkənin demokratik inkişafı üçün son dərəcə zəruridir. Elektron texnologiyaların geniş miqyasda tətbiqi, eləcə də ümumiyyətlə Seçki Administrasiyasının əvəzsiz rolu nəzərə alınaraq, bütün tərəflərin dəstəyi ilə Seçki Administrasiyasına nifrət nitqindən azad və dinc mühitdə üzərinə düşən vəzifələri tam şəkildə yerinə yetirmək imkanı verilməlidir” – bəyanatda qeyd olunub.
Xalq müdafiəçisinin bəyanatında deyildiyi kimi, siyasi partiyaların liderləri/nümayəndələri, müvafiq namizədlər və onların tərəfdarları, siyasi vəzifə tutan şəxslərin yüksək siyasi və vətəndaşlıq məsuliyyəti nümayiş etdirmələri, zorakılıq və nifrət nitqindən azad seçki kampaniyasının keçirilməsinə kömək etmələri zəruridir.
“Demokratik dəyərlərə fokuslanmış siyasi mədəniyyətin tətbiqi üçün namizədlərin seçki kampaniyalarının işgüzar, seçki proqramı yönümlü müzakirələrə yönəldilməsi vacibdir, bu da rəqabətin ədalətli və bərabər şəraitdə keçirilməsinə kömək edəcək.
Eyni zamanda, seçkiöncəsi kampaniyanın azad və ədalətli keçirilməsinə nəzarət və məlumatın yayılması baxımından medianın xüsusi rolunu qeyd etmək lazımdır. Media nümayəndələrinin seçki kampaniyalarını işıqlandırarkən yüksək peşəkarlıq standartı nümayiş etdirmələri, nifrət nitqindən istifadə hallarına müvafiq reaksiya vermələri və bu cür faktlara kritik şəkildə münasibət bildirmələri mühüm əhəmiyyət kəsb edəcək.
Sonda, nifrət nitqinin qarşısının alınması və ona adekvat reaksiya verilməsi seçki bütövlüyünü təmin etmək və sağlam seçki mühitini qoruyub saxlamaq üçün zəruridir. Bu isə öz növbəsində, ədalətli və konstruktiv siyasi müzakirənin aparılmasının və insan hüquqlarının qorunmasının qarantıdır” – xalq müdafiəçisinin bəyanatında qeyd olunub.