Xalq müdafiəçisi Prokurorluğu Qoridə baş vermiş faktla əlaqədar obyektiv və effektiv istintaqı təmin etməyə çağırır
Xalq müdafiəçisi Prokurorluğu Qoridə baş vermiş faktla əlaqədar obyektiv və effektiv istintaqı təmin etməyə çağırır

 

Gürcüstanın Xalq Müdafiəçisinin Aparatı Qoridə polislər tərəfindən vəzifə səlahiyyətlərinin ehtimal olunan aşılması faktı ilə bağlı bəyanat yayır.

Bəyanatda qeyd olunduğu kimi, xalq müdafiəçisi polislər tərəfindən hər cür qeyri-müvafiq rəftar faktlarını pisləyir.

“Gürcüstanın xalq müdafiəçisi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Qoridə vətəndaşlara qarşı törədilən zorakılıqla bağlı ictimai mənbələrdə yayılan narahatlıq doğuran görüntülərə münasibət bildirir və polislər tərəfindən hər cür qanunazidd hərəkətləri, xüsusən də qeyri-müvafiq rəftar faktlarını pisləyir.

Gürcüstan Prokurorluğunun ictimai bəyanatına əsasən, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsinin 3-cü hissəsinin “b” yarımbəndi ilə istintaq başlayıb, bu da zorakılıq tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma deməkdir.

Xalq müdafiəçisi Prokurorluğu bütün məsul şəxslərin məsuliyyətə cəlb edilməsi üçün obyektiv və effektiv istintaqı təmin etməyə çağırır.

Xalq müdafiəçisi mandatı çərçivəsində iş üzrə aparılan istintaqın monitorinqini həyata keçirəcək” — xalq müdafiəçisinin bəyanatında deyilir.

Məlumat üçün bildirək ki, Prokurorluq Qoridə polislər tərəfindən vəzifə səlahiyyətlərinin ehtimal olunan aşılması faktı ilə bağlı istintaqa başlayıb.

Qoridə Kombinat adı ilə bilinən yaşayış məntəqəsində Şida Kartlinin polis əməkdaşlarının saxlanılma zamanı iki nəfərə qarşı fiziki güc tətbiq etdiklərinə dair video-görüntülər bu gün yayılıb. Həmçinin saxlanılan şəxslərdən birinin üzərində soyuq silah olduğu barədə məlumat yayılıb.