Kaya Kallas təşəbbüs irəli sürür ki, Avropa Prokurorluğuna Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan yayınmağa kömək edən şirkət və fiziki şəxslər barəsində cinayət işi başlatmaq səlahiyyəti verilsin
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Avropa Prokurorluğuna Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan yayınmağa kömək edən şirkət və fiziki şəxslər barəsində iş qaldırmaq səlahiyyətinin verilməsini təklif edir.
„Politico“ diplomatlara istinadən yazır ki, Kallas bu barədə Avropa İttifaqına üzv ölkələrin daimi nümayəndələri ilə görüşdə bildirib.
Kallasın təşəbbüsünə əsasən, Avropa Prokurorluğu Aİ ərazisində qüvvədə olan məhdudiyyətləri müxtəlif formalarda pozan və „qara siyahı“ya salınmış Rusiya və Belarus təşkilatları ilə əməkdaşlıq edən şəxslər barəsində cinayət təqibi həyata keçirməlidir.
„Politico“nun məqaləsində bildirilir ki, milli qanunvericiliklərdəki fərqlər və müxtəlif ölkələrin prokurorluqlarının fərqli yanaşmaları Avropa İttifaqının sanksiyalarının icrasına mane olur.
Qeyd edək ki, hazırda Avropa Prokurorluğunun səlahiyyətlərinə mütəşəkkil cinayətkarlıqla bağlı əməllərin, o cümlədən çirkli pulların yuyulması, korrupsiya və transmilli dələduzluq hallarının araşdırılması və cinayət təqibinin həyata keçirilməsi daxildir.